Dortmund “Borussiya”sında Niko Şlotterbek şoku

Dortmund “Borussiya”sının alman mərkəz müdafiəçisi Niko Şlotterbek zədələnərək, qeyri-müəyyən müddətə sıradan çıxıb.

Arena.az bu barədə “Borussiya”nın rəsmi saytına istinadən məlumat verir.

Şlotterbek “Borussiya”nın Çempionlar Liqasının liqa mərhələsinin “Barselona” ilə 6-cı tr ev oyununda (2:3) zədələnib. Başlanğıc heyətdə meydana çıxmış müdafiəçi aldığı zədəyə rəğmən, bütün oyunu sona qədər oynamağı bacarıb.

“Şlotterbek “Barselona” ilə oyunda bağlarından zədə alıb. Onun bu il “Borussiya” üçün əlçatan olub-olmayacağı hələ də sual altındadır”, – “Borussiya”nın mətbuat xidməti bildirib.

Niko Şlotterbek “Borussiya”ya 2022-ci ilin iyulunda 20 milyon avro məbləğ müqabilində “Frayburq”dan keçib. Müdafiəçinin Dortmund klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Şlotterbek “Borussiya” üçün bütün yarışlarda 20 oyuna çıxıb, 4 məhsuldar ötürmə ilə fərqlənib.

Şlotterbekin “Borussiya”nın heyətində çıxışının ümumi mənzərəsi 107 oyun, 6 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Niko Şlotterbek 2022-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 18 oyun keçirib, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı Niko Şlotterbekin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.