Futbol üzrə İran çempionatının 2024/2025 mövsümünün qalibi olmuş “Traktor” baş məşqçisi Draqan Skoçiç ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə Təbriz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, xorvatiyalı mütəxəssislə yeni müqavilənin müddəti 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti bu mövsümün sonunda başa çatmışdı.
Xatırladaq ki, Draqan Skoçiç 2024-cü ilin iyul ayından Cənubi Azərbaycanın ən məşhur klubuna rəhbərlik edir. 56 yaşlı mütəxəssis Təbriz təmsilçisini indiyə qədər 39 oyuna çıxarıb. Bu görüşlərdə 25 qələbə, 8 heç-heçə, 6 məğlubiyyət qeydə alınıb. Top fərqi də ürəkaçandır – 83:35.
“Traktor” tarixindəki ilk çempionluğu məhz Skoçiçin rəhbərliyi altında – geridə qoyduğumuz mövsümdə əldə edib. Təbriz klubu İran çempionatında keçirdiyi 30 oyunda 68 xal toplamaqla bütün rəqiblərini qabaqlayıb.



