“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov AÇ-2024-ün seçmə mərhələsinin İsveçlə oyunundan öncə Azərbaycan millisindən ayrılıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 30 yaşlı futbolçu ötən gecə – martın 24-də keçirilmiş Avstriya ilə səfər oyununda zədələnib. Bu üzdən də o, 60-cı dəqiqədə Elvin Camalovla əvəzlənmək məcburiyyətində qalmışdı.
İlkin müayinələrdən sonra futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Onun qarşıdakı İsveçlə oyunda milliyə kömə edə bilməyəcəyi dəqiqləşdiyi üçün İsrafilov bu gün yığmanın düşərgəsindən ayrılacaq.
Xatırladaq ki, millimiz Avstriya ilə səfər oyunundan 1:4 hesablı məğlubiyyətlə ayrılıb. Komandamız növbəti matçını ayın 27-də səfərdə İsveçə qarşı keçirəcək.
Eddi İsrafilov 2015-ci ilin mart ayından formasını geyindiyi Azərbaycan millisində 22 oyun keçirib. O, 2022-ci ilin yanvarından “Neftçi”də oynayır. Təcrübəli yarımmüdafiəçi paytaxt klubunda 36 oyuna 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. İsrafilov karyerası ərzində “Albasete”, “Real Mursiya”, “Alkorkon”, “Kadis”, “Kordoba”, “Ximnastik”, “Eybar” və “Qranada” kimi klubların da formasını geyinib.


