“Borussiya”nın baş məşqçisi Edin Terziç gənc mütəxəssislər – Nuri Şahin və Sven Benderi Dortmund klubuna qaytarmasının səbəbini açıqlayıb.
Arena.az Almaniya klubunun mətbuat xidmətinə istinadən, xorvatəsilli alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Aydın istəyim Nuri və Sveni köməkçi məşqçi kimi gətirmək idi. Keçmişdə bir neçə dəfə cəhd etmişik ki, bu arzunu həyata keçirək. İndi fürsət yarandı, biz isə bunu həyata keçirdik. Nuri və Sven öz təcrübə və bilikləri ilə bizi zənginləşdirəcək, eyni zamanda çox gənc məşqçilər kimi bizimlə birlikdə yetişə biləcəklər. Onların hər ikisinin yanımda olması fürsətinə malik olduğum üçün çox şadam”, deyə Terziç bildirib.
Xatırladaq ki, 2023-cü ilin dekabrın 29-da türk mütəxəssis Nuri Şahin və alman mütəxəssis Sven Bender bir vaxtlar futbolçu kimi çıxış etdikləri Dortmund klubuna məşqçi olaraq geri qayıdıblar. “Borussiya”nın baş məşqçisi Edin Terziç bu işdə böyük təşəbbüskar olub. Hər iki mütəxəssis Edin Terziçin məşqçilər qərargahında yer alıb.
Hazırda “Borussiya” Almaniya Bundesliqasında keçirdiyi 16 oyundan sonra 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Bundesliqaya 42 xalla “Bayer” başçılıq edir.
Vurğulanır ki, Dortmund klubu qış fasiləsində sonra təzə və böyük qüvvə ilə çempionluq yarışında daha iddialı olacaq.


