Edinson Kavani “Boka Xuniors”dan ayrıldı

Futbol üzrə Uruqvay milli komandasının sabiq hücumçusu, 39 yaşlı Edinson Kavani Argentinanın “Boka Xuniors” klubu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, Buenos-Ayres təmsilçisi 39 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

Bununla da Kavaninin dekabr ayına qədər qüvvədə olan müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Təcrübəli hücumçu 2026-cı ildə “Boka Xuniors”un heyətində cəmi 2 rəsmi matçda meydana çıxıb. O, fevral ayında kürəyindən keçirdiyi əməliyyatdan sonra uzun müddət yaşıl meydanlardan kənarda qaldığı üçün komandaya lazımi dəstəyi verə bilməyib.

Məlumata görə, Kavani klubda qalmaq və müqaviləsini uzatmaq istəsə də, “Boka Xuniors” rəhbərliyi heyətin yenilənməsi prosesini sürətləndirmək məqsədilə onunla əməkdaşlığa vaxtından əvvəl son qoymağa qərar verib. Dünya çempionatı dövründə aparılan yenidənqurma işləri çərçivəsində klub daha gənc futbolçulara üstünlük verməyi planlaşdırır.

Buna baxmayaraq, uruqvaylı forvard karyerasını başa vurmaq niyyətində deyil. Hazırda azad agent statusu daşıyan Kavani yeni klub axtarışını davam etdirir və peşəkar futbolçu kimi çıxışını davam etdirmək istəyir.

Edinson Kavani 2023-cü ilin yayında “Boka Xuniors”a transfer olunmuşdu. O, daha əvvəl “Danubio”, “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted” və “Valensiya” kimi klubların formasını geyinib. Karyerası ərzində 400-dən çox qol vurmuş hücumçu Uruqvay millisinin tarixinin ən məhsuldar futbolçularından biri hesab olunur. O, milli komandanın heyətində 136 oyunda 58 qol vurub və 2011-ci ildə Amerika Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: