Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş Kiyev “Dinamo”su ilə cavab oyununda zədələnmiş müdafiəçinin əməliyyatı uğurla başa çatıb.
Xatırladaq ki, avqustun 13-də keçirilmiş qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanmışdı.
Cəfərquliyevin müalicə və bərpa prosesi “Qarabağ”ın tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.
Elvin Cəfərquliyev təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq. Bərpa müddəti reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər.


