Elvin Yunuszadə “Boluspor”a keçdi

Futbol üzrə Azərbaycan millisinin sabiq mərkəz müdafiəçisi Elvin Yunuszadə Türkiyənin “Boluspor” klubu ilə rəsmi müqavilə imzalayıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

33 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

1992-ci il avqustun 22-də Azərbaycanın Qazax şəhərində anadan olmuş Elvin Yunuszadə karyerası ərzində “Neftçi” və “Qarabağ”ın heyətində çıxış edib. Müdafiəçi bu komandaların forması ilə ümumilikdə 5 dəfə Azərbaycan çempionu, 5 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

Elvin Yunuszadə Avropa kuboklarında da zəngin təcrübəyə malikdir. O, 2012/2013-cü illər mövsümündə Avropa Liqasının qrup mərhələsinə yüksəlmiş ilk Azərbaycan klubu olan “Neftçi”nin heyətində yer alıb. Yunuszadə həmin turnirin qrup mərhələsində 3 matçda meydana çıxıb.

Təcrübəli müdafiəçi 2017/2018-ci illər mövsümündə “Qarabağ”ın tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmiş heyətinin də üzvü olub. Yunuszadə həmin turnirdə “Atletiko”, “Çelsi” və “Roma” kimi Avropanın tanınmış klublarına qarşı keçirilmiş oyunlarda iştirak edib.

Stoper mövqeyində çıxış edən Elvin Yunuszadə Azərbaycan millisinin də formasını geyinib. O, milli komandanın heyətində 3 oyuna çıxıb, 1 qola imza atıb.

“Boluspor” Elvin Yunuszadənin karyerasında legioner həyatı yaşayacağı üçüncü klubdur. Müdafiəçi daha öncə Bosniya və Herseqovinanın “Çelik”, Şimali Makedoniyanın “Şkupi” klublarında da forma geyinib. O, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, “Qəbələ” və “Karvan”ın da uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: