Emil Balayev “Neftçi” və “Zirə” arasında seçim edəcək

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayev son mövsümdə formasını geyindiyi “Səbail”dən ayrılıb.

Arena.az-ın əldə etdiyi məlumata görə, qolkiper Bakı təmsilçisi ilə maliyyə məsələsində anlaşa bilmədiyi üçün klubu tərk edib.

Hazırda o, Premyer Liqanın daha iddialı iki iştirakçısı ilə danışıq aparır. Bunlardan biri “Neftçi”, digəri “Zirə”dir.

Futbolçu özü “Neftçi”yə keçməkdə daha çox maraqlıdır. O, hətta paytaxt klubu ilə müqavilənin şərtlərini də razılaşdırıb. Lakin qapıçının “ağ-qaralar”ın sıralarına qoşulması “Neftçi”nin büdcəsinin təsdiqlənməsindən asılıdır. Yaxın bir neçə gündə klubun növbəti mövsüm üçün büdcəsi təsdiqənməlidir. Geridə qalan mövsümdə Premyer Liqanın bürünc medalları ilə kifayətlənən bu klubun büdcəsində artım gözlənilir. Belə olan halda Emilin “Neftçi”yə keçidində problem olmayacaq.

“Neftçi”də büdcə artırılmasa, “ağ-qaralar” qapıçının tələb etdiyi məbləği verə bilməsə, o halda Balayev “Zirə”yə keçəcək. Bir sözlə, hazırda həm Balayev, həm də “Zirə” “Neftçi”də büdcənin təsdiqlənməsini gözləyir.

Xatırladaq ki, Emil Balayev 2022-ci ilin iyul ayında Qazaxıstanın “Turan” klubundan ayrılaraq “Səbail”lə 1 illik müqavilə bağlamışdı. İndi onun “dənizçilər”lə sözləşməsi başa çatdığı üçün 29 yaşlı qapıçı azad agent kimi xidmətində maraqlı olan istənilən kluba keçə bilər.

Balayev 2017-2018-ci illərdə də “Səbail”də oynayıb. O, paytaxt təmsilçisində bütövlükdə 76 oyuna çıxıb, 111 qol buraxıb. Təcrübəli qolkiperin 19 “quru” oyunu da var.

Xatırladaq ki, Emil Balayev daha öncə Azərbaycanda “Qarabağ” (19 oyun, 12 buraxılmış qol, 10 “quru” oyun), “Neftçi” (11 oyun, 12 buraxılmış qol, 4 “quru” oyun), “Zirə” (1 oyun, 1 qol) və “Sumqayıt” klublarında da forma geyinib. O, Qazaxıstanın “Tobol” (36 oyun, 26 buraxılmış qol, 21 məhsuldar ötürmə) və “Turan” (1 oyun, 2 buraxılmış qol) klublarında legioner həyatı da yaşayıb.

Emil Azərbaycan milli komandasında isə indiyə qədər 14 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: