Emil Martinov yenidən “Səbail”də!

Səbail”in sabiq yarımmüdafiəçisi Emil Martinov yenidən Azərbaycana qayıdıb. Arena.az xəbər verir ki, Bolqarıstandan olan futbolçu bundan sonra yenə “dənizçilər”in uğurları üçün çalışacaq.

Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Onun köhnə-yeni komandasında “27” nömrəli forma altında çıxış edəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Emil Martinov 2018/2019 mövsümündə də “Səbail”də oynayıb. O, Bakı təmsilçisindən ayrılandan sonra ölkəsinin “Arda” klubu ilə müqavilə bağlamışdı. Yarımmüdafiəçi 2021-ci ilin sentyabrından ÇSKA 1948 (Sofiya) komandasında çıxış edirdi. Martinov daha öncə “Slaviya” (Sofiya), “Dorostol”, “Svetkavitsa”, “Sliven”, “Spartak” (Varna), “Oborşite”, “Türk Pfaffenhoven” və “Ayxax” kimi komandalarda da forma geyinib.

Martinov paytaxt klubuna dönüşü ilə bağlı fikirlərini də bölüşüb. O, “dənizçilər”in mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Burada yenidən qələbələr qazanmaq istəyirəm. İlk gəlişimdə medalçı olduq. Bu dəfə də ən yüksək mövqelər üçün mübarizə aparacağıq. “Səbail”in azarkeşləri mənə hər zaman dəstək olublar. Onlar üçün hər oyun maksimum dərəcədə əzmkarlıq göstərəcəyəm”.

Xatırladaq ki, “Səbail” daha öncə Ağabala Ramazanov, Vüsal Qənbərov və Vüqar Həsənlini də transfer etmişdi. Paytaxt klubu Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov və Hüseynəli Quliyevlə də müqaviləni yeniləyib. Əvəzində Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov və Rauf Əliyev “Səbail”dən ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: