Azərbaycan millisinin kapitanı Emin Mahmudov AÇ-2024-ün seçmə mərhələsində İsveç yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Azarkeşləri sevindirdiyimiz üçün çox xoşbəxtik. Onlar da bizdən yaxşı oyun və qələbə gözləyirdilər. Bu gün vuruşduq və istədiyimiz nəticəni qazandıq. Bu oyun həmişə yadımda qalacaq”.
Təcrübəli yarımmüdafiəçi sonuncu turda bazar günü Belçikaya qarşı keçirəcəkləri matça da toxunub: “Bu, yüksək səviyyəli rəqibdir. Yaxşı oyunçuları var. Yenə də əlimizdən gələni edəcəyik. Belə komandalara qarşı bəxtimiz də gətirməlidir ki, müsbət nəticə qazana bilək”.
Yığmada 13-cü qoluna imza ataraq Qurban Qurbanova (14 qol) yaxınlaşan Mahmudov əsas məqsədinin komandaya xeyir vermək olduğunu vurğulayıb: “Qollar vurduğum üçün də sevinirəm”.
Xatırladaq ki, Emin Mahmudov 2016-cı ildən formasını geyindiyi Azərbaycan milli komandasında 45 oyun keçirib. 31 yaşlı futbolçu bu oyunlarda 13 qol vurmaqla yanaşı, 2 məhsuldar ötürmə müəllifi də olub.


