Futbol üzrə Albaniya milli komandasının hücumameyilli yarımmüdafiəçisi Endri Çekiçi Türkiyənin “Konyaspor” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
2021-ci ilin yayında Konya klubu ilə 2+1 illik müqavilə bağlamış futbolçu əlavə bir ili bu komandada keçirmək istəməyib. Bu üzdən də tərəflər yollarını ayırmaq məcburiyyətində qalıblar.
Endri Çekiçi iki mövsüm ərzində Konya klubunun heyətində 62 oyuna çıxıb, 8 qol və 6 məhsuldar ötürmə müəllifi olub. “Olimpiya” (Lyublyana), “Lokomotiva” (Zaqreb), “Ankaragücü”, “Dinamo” (Zaqreb) və “Teuta” kimi klublarda da oynamış Çekici, Albaniya yığmasında 11 oyuna 1 qol vurub.
“Konyaspor”da daha dörd futbolçu bu yay komandanı tərk etməyə qərar verib. Onlardan biri qapıçı Erhan Egentürkdür. “Karşıyaka”, “Altınordu” və “Bursaspor”da da oynamış 28 yaşlı qolkiper Konya klubunda cəmi 7 matça çıxıb.
Mame Diuf da azad agent kimi Konya təmsilçisindən ayrılıb. Seneqaldan olan 35 yaşlı hücumçu 2022-ci ildə qoşulduğu bu komandada 29 oyuna 10 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu əvvəllər “Stok Siti”, “Molde”, “Hatayspor”, “Hannover”, “Bləkbörn”, “Mançester Yunayted” kimi klublarda da forma geyinib. O, Seneqal yığmasında da 51 oyuna 10 qol vurub.
Alexandro Posuelo “Konyaspor”dan ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna keçib. 31 yaşlı ispan yarımmüdafiəçi Konya klubuna bu ilin əvvəlində qoşulmuşdu. O, bu komandada cəmi 12 oyuna çıxıb, 4 qol və 3 assistlə yadda qalıb. Təcrübəli futbolçu daha öncə “Genk”, “Toronto”, “Betis”, “Suonsi Siti”, “Rayo Valyekano”, “İnter Mayami” kimi klublarda da forma geyinib.
Domaqoy Paviçiç isə “Konyaspor”u “Aris”ə dəyişib. Xorvatiyadan olan 29 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, 2022-ci ilin yayından formasını geyindiyi Konya klubunda cəmi 12 oyuna çıxıb və 1 assistlə yadda qalıb. O, “Riyeka”, “Dinamo” (Zaqreb), “Lokomotiva” (Zaqreb) kimi klublarda, Xorvatiyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.


