Entso Mareska “Çelsi”dəki ilk həftəsi haqda söhbət açdı

“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın düşərəsində vəzifəsi başında keçirdiyi ilk həftəsi haqda söhbət açıb.

Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən çox xoşbəxt və həyəcanlıyam. Bu, fantastik bir səyahət olacaq, mən isə oyunçularımla işə mümkün qədər tez başlayacağım üçün şadam.

Başlanğıcda kifayət qədər məşğul idim, bu, adi haldır. Bu, həmişə belə olur. Sən düşərgədəki bütün insanları və artıq orada olan bəzi oyunçuları tanımağa çalışırsan. Amma təəssürat sadəcə fantastikdir.

Burada olmağımın səbəblərindən biri, komandanın çox yaxşı və istedadlı olduğuna əmin olmağımdır. İndi ən vacibi odur ki, biz, bu mövsüm bizi hərəkətə gətirəcək düzgün mədəniyyət qura bilək.

Mən həmişə eyni məqamı vurğulayıram: əgər oyunçuları inkişaf etdirə bilirsənsə, deməli, komandanı da inkişaf etdirə bilərsən. Ona görə də bizim məqsədimiz – onları günbəgün təkmilləşdirməyə çalışmaqdır”, deyə Entso Mareska vurğulayıb.

Xatırladaq ki, “Çelsi” son illərdə uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Geridə qalmış 2023/2024-cü illər mövsümündə də çox uğurlu olmayan paytaxt klubu yalnız son turlardakı ardıcıl qələbələr sayəsində 6-cı yeri tutub. Komanda 38 oyunda 18 qələbə qazanıb, 9 heç-heçə edib və 11 məğlubiyyətə üzülüb. 63 xal toplamış “zadəganlar” 2024/2025-ci illər mövsümündə Konfrans Liqasında iştirak hüququ qazanıblar. Buna rəğmən, “Çelsi” strateji inkişaf planı üzrə çalışan argentinalı mütəxəssis Maurisio Poçettinonu vəzifəsindən gözlənilmədən azad edib.

“Çelsi” geridə qalmış Çempionşipin yekunlarına görə “Lester Siti”yə çempionıluğu qazandıraraq, Premyer Liqaya yüksəltmiş Entso Mareskanı “tülkülər”ə 11,7 milyon avro məbləğində təzminat ödəyərək, “zadəganlar”ın sükanı arxasına gətirib. London təmsilçisi 44 yaşlı italyan mütəxəssislə sonradan 1 il müddətinə uzadılmasının mümkünlüyü ilə 5 illik müqavilə imzalayıb. Mareskanın müqaviləsi cari ilin iyul ayının 1-dən qüvvəyə minib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: