“Mançester Yunayted”in holland baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın Çempionlar Liqasında “Bayern”ə məğlubiyyətini şərh edib.
Arena.az xəbər verir ki, Ten Haq ilk növbədə mankunianların qapıçısı Andre Onananın məğlubiyyətə görə məsuliyyəti üzərinə götürməsinə toxunub:
“Onun təqsiri öz üzərinə götürməsi yaxşıdır, amma söhbət, komandadan gedir. Səhvlərə yol verilir, ancaq komanda olaraq qaydasına düşməlisiniz. Bir oyunçu səhv edirsə, bu, hər şeyin bitdiyi, hər şeyin itirildiyi demək deyil. Biz komanda olaraq hər zaman qaydasına düşə biləcəyimizə inanmalıyıq. Bu axşam biz bunu göstərdik”, deyə Erik ten Haq bildirib.
Xatırladaq ki, Münhenin “Alyans Arena”sında keçirilmiş Çempionlar Liqasının 1-ci turu çərçivəsindəki oyun “Bayern”in 4:3 hesablı qələbəsi ilə başa çatıb. Münhenlilərin heyətində Leroy Sane, Serj Qnabri, penaltidən Harri Keyn və Matis Tel fərqləniblər. “Qırmızı şeytanlar”ın qollarından birini Rasmus Höylund vurub, Kazemiro isə dübarə fərqlənib.
Qrupun digər oyununda “Qalatasaray” “Kopenhagen”lə oyunda 2:2 hesablı heç-heçə oynayıb. A qrupuna 3 xalla “Bayern” liderlik edir, “Kopenhagen” və “Qalatasaray” 1 xalla müvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşıblar. “Mançester Yunayted” isə hələlik autsayderdir.
Növbəti turda “Bayern” “Kopenhagen”lə, “Mançester Yunayted” isə “Qalatasaray”la qarşılaşacaq. Hər iki oyun oktyabrın 10-da keçiriləcək.
Bu arada statistika həvəskarları “qırmızı şeytanlar”ın ən bərbad nəticələrindən birini təkrarladığını müəyyən ediblər. Belə ki, o zaman Deyv Sekstonun çalışdırdığı “Mançester Yunayted” 1978-ci ilin dekabrından bəri ilk dəfə olaraq, 3 ardıcıl oyunda 3 və daha çox qol “yeyib”. Müasir xoşagəlməz silsilə “qırmızı şeytanlar”ın Premyer Liqanın 4-cü turunda “Arsenal”a məğlubiyyəti (1:3) ilə başlayıb. Ardınca mankunianlar “Brayton” (1:3) və “Bayern”ə (3:4) məğlub olublar.
Premyer Liqa çərçivəsində keçirdiyi 5 turdan sonra “Mançester Yunayted” 2 qələbə və 3 məğlubiyyətdən sonra 6 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb, “qırmızı şeytanlar”ın top fərqi 6:10 nisbətindədir. Premyer Liqada 5 oyundan mütləq nəticə – 15 xal əldə etmiş Xosep Qvardiolanın “Mançester Siti”si liderlik edir.


