Erik ten Haq “Çelsi”yə “ilişdi”: “Pulları ağılla xərcləməlisiniz”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq bu mövsüm ciddi problemlərlə üzləşən “Çelsi”nin bostanına daş atıb. Arena.az xəbər verir ki, Niderlanddan olan mütəxəssis klub sahiblərini dəyişmək məcburiyyətində qalan, transferlərə kifayət qədər ciddi məbləğlər xərcləməsinə baxmayaraq, çox uğursuz çıxış edən “zadəganlar”la bağlı bunları söyləyib:

“Düzgün strategiya olmayanda, pullar da işləmir. Hazırda, belə deyək, yaxşı oyunçuların, ən yaxşı menecerlərin, həmçinin pulların mərkəzləşdirilməsi gedir, elə, hamısı burda, Böyük Britaniyada. Bu, əla və sərt rəqabətə yol açır. Sizin pullarınız ola bilər, ancaq siz bu pulları ağılla xərcləməlisniz. Bundan başqa, sizə bu pulların arxasında dayanan strategiya gərəkdir. Çünki əks halda pullar işləməyəcək”.

Xatırladaq ki, hazırda “Çelsi” Premyer Liqada 43 xalla 12-ci sırada qərarlaşıb. Mövsümün yekunlarına əsasən, London təmsilçisi iddiasız kollektivə çevrilib. Son yeddi il ərzində ilk dəfə “zadəganlar” avrokuboklarda iştirak etməyəcəklər. Halbuki, həm mövsümün əvvəlində, həm də qış fasiləsi zamanı “Çelsi”nin yeni rəhbərliyi transferlərə kifayət qədər ciddi məbləğlər xərcləmişdilər. Amma onun müqabilində komandanın belə uğursuz çıxışı hər kəsin təəccübünə səbəb olub. Təsadüfi deyil ki, klub rəhbərliyi mövsümün gedişində bir neçə dəfə baş məşqçi dəyişikliyinə də əl atıb.

Sonda onu da qeyd edək ki, Erik ten Haq və komandası bu gün Premyer Liqanın 32-ci turundan təxirə salınmış oyunda məhz “Çelsi”ni qəbul edəcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: