Erik ten Haq: “Ralf Ranqnik sözlərində haqlı idi”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın sabiq müvəqqəti çalışdırıcısı Ralf Ranqnikdən danışıb.

Arena.az AD dərgisinə istinadən məlumat verir ki, niderlandlı mütəxəssis alman həmkarının “Mançester Yunayted”i çalışdırdığı müddətdə, klubda yüksək idman ölçülərinin yoxluğu haqda səsləndirdiyi fikirlərlə razılaşdığını bildirib:

“Ranqnik tamamilə haqlı idi. Biz iki il bunun üzərində çox səylə çalışdıq. Halbuki onun dedikləri tamamilə doğru idi. Kluba hərtərəfli və çox mürəkkəb əməliyyat gərək idi.

Biz istəyirik ki, klub on ildən çox əvvəlki vəziyyətinə qayıtsın. Biz istəyirik ki, “Mançester Yunayted” yenidən Premyer Liqanı qazansın və Çempionlar Liqasının qalibi ola bilsin. Düşünürəm ki, biz bundan həqiqətən çox uzağıq”, deyə Ten Haq vurğulayıb.

Xatırladaq ki, Ralf Ranqnik 2021-ci ilin dekabrından 2022-ci ilin mayına qədər “qırmızı şeytanlar”ın müvəqqəti məşqçisi olaraq çalışıb.

Erik ten Haq isə 2022-ci ilin iyul ayından “Mançester Yunayted”ə rəhbərlik edir. O, “qırmızı şeytanlar”ı indiyə qədər 114 oyuna çıxarıb, 68 qələbə, 15 heç-heçə, 31 məğlubiyyət görüb. Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər artırdığını açıqlayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.

Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025 mövsümündə Avropa Liqasında iştirak hüququ verib.

Niderlandlı mütəxəssis daha öncə “Ayaks”, “Utrext”, “Qo Ehed İqls” kimi komandalarda da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: