Erik ten Haq təqvimdən şikayətləndi: “Oyunçular belə bacarmırlar”

“Mançester Yunayted”in holland baş məşqçisi Erik ten Haq futbolçuların sıx təqvimindən danışaraq, bunun hədsiz yüklənmə olduğunu bildidirb.

Arena.az “Sky Sports”a istinadən Ten Haqın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bu mövsüm futbolçulara olan tələblərə görə biz artıq komandamızın tərkibini genişləndirmişik. Dünya çempionatı ötən mövsümün ortalarında keçirildiyi üçün bu, daha uzun çəkdi.
Bundan əlavə, İngiltərə Kubokunda iştirak səbəbiylə mövsüm daha uzun oldu və sonra oyunçular UEFA Millətlər Liqasında oyunlarda iştirak etdilər. Nəticədə mövsümlər arasında fasilə çox qısa oldu.
Həmkarlarım tərəfindən mütəmadi iradlara baxmayaraq, vaxt keçdikcə təqvim artır. Bu, artıq oyunçular üçün yüklənmə deyil, həddindən artıq yüklənmədir. Futbolçular artıq bunun öhdəsindən gələ bilmirlər”, deyə Erik Ten Haq narazılığını bildirib.

Vurğulayaq ki, oktyabrın ortalarında beynəlxalq fasiləyə baxmayaraq, “Mançester Yunayted” gələn ay beş oyun keçirəcək.

Xatırladaq ki, Ten Haqın “qırmızı şeytanlar”ı mövsümə uğursuz başlayıblar. “Mançester Yunayted” 6 turdan sonra 9 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu yerdə qərarlaşıb. İngiltərə nəhəngi UEFA Çempionlar Liqasının açılış turunda da uğursuzluğa düçar olub. Ten Haqın yetirmələri səfərdə “Bayern”ə məğlub olublar (3:4).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: