İngiltərə Premyer Liqasının 30-cu turunun “Sauthempton”la səfər oyunu “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Arena.az xəbər verir ki, norveçli futbolçu komandasının 4:1 hesablı qələbəsinə iki qolla töhfə verib.
22 yaşlı forvard 45-ci dəqiqədə hesabı açıbsa, 68-də də dublunu rəsmiləşdirib. Nəticədə “şəhərlilər”in hücumçusu karyerasında ərzində vurduğu qolların sayını 200-ə çatdırıb. Norveçli futbolçuya 200 qol vurmaq üçün cəmi 244 oyun kifayət edib.
Haland cari mövsümdə İngiltərə çempionatında vurduğu qolların sayını da 30-a çatdırıb. O, buna 27 matçda nail olub. Ulduz futbolçu bu mövsüm daha 5 qol vuracağı təqdirdə mütləq rekordçu olacaq. Mümkün 4 qol isə onu rekorda şərik edəcək.
Xatırladaq ki, İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran iki futbolçu var. Bu rekord Endi Koul və Alan Şirerə məxsusdur. Endi Koul 1993/1994, Şirer isə 1994/1995 mövsümündə rəqib qapılarından 34 top keçirib. “Liverpul”un hücumçusu Məhəmməd Salah isə 2017/2018 mövsümündə 32 dəfə fərqlənib. Haland mövsümün sonuna kimi 3 qol vuracağı təqdirdə də Salahı geridə buraxmış olacaq.
Erlinq Haland “Mançester Siti”yə bu mövsümün əvvəlində – 2022-ci ilin yayında Almaniyanın “Borussiya” (Dortmund) klubundan 60 milyon avro qarşılığında keçib. O, bu komandanın heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 38 oyunda 44 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçunun digər klublardakı statistikası isə belədir: “Borussiya” (89 oyun, 86 qol, 23 assist), “Molde” (50 oyun, 20 qol, 6 assist), “Zalsburq” (27 oyun, 29 qol, 7 assist), “Bryune” (16 oyun). Haland Norveç yığmasında da meydana çıxdığı 23 oyunda 21 qol vurub.


