İngiltərə Kubokunun finalında “Kristal Pelas”a qarşı oyun “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Halanda düşərli olmayıb.
Arena.az məlumat verir ki, “qartallar”ın “şəhərlilər”ə bircə “dimdik” atdıqları (1:0) bu oyunda “qolçu vikinq” heç bir səmərəli fəaliyyəti ilə diqqət çəkməyib.
Beləliklə, Halandın “Mançester Siti”nin heyətində final oyunlarındakı uğursuz silsiləsi davam edir. Artıq 8 final oyunudur ki, “qolçu vikinq” heç bir səmərəli fəaliyyəti ilə “şəhərlilər”ə yardımçı ola bilməyib.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.
Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 30 qol vurub, 4 məhsuldar ötürmə verib.
Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 140 oyun, 120 qol və 20 məhsuldar ötürmədən ibarətdir.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.
Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 41 oyuna 40 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı iki futbolçusundan biri olduğu deməkdir (digəri “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniordur).