“Molde”nin baş məşqçisi Erlinq Moe Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 53 yaşlı norveçli mütəxəssis bu gün Bakıda təşkil edilmiş mətbuat konfransında səfərdə uğurlu nəticəyə ümid etdiklərini bildirib.
Norveç klubunun çalışdırıcısı Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib: “Qarabağ” 3 il əvvəl qarşılaşdığımız komanda ilə müqayisədə daha da güclənib. Bu komandanın tarixi ilə maraqlanmışam. Çox uğurlu baş məşqçiləri var. Hər il inkişaf edən komandadır. “Qarabağ”ı böyük klub hesab edirəm”.
O, Bakının gözəl şəhər olduğunu söyləyib: “Bakıda bir neçə gün vaxt keçirməyi planlaşdırırıq. Hava limanından gələrkən şəhəri seyr etdik. Məncə, paytaxtınızla qürur duya bilərsiniz. Çünki Bakı çox gözəl şəhərdir”.
Erlinq Moe “Qarabağ”a qarşı müdafiədən oynamayacaqlarını vurğulayıb: “Futbolda özünəinam ən önəmli amildir. Nəyisə inkişaf etdirmək üçün ilk növbədə özünə inam olmalıdır. Sabah top bizdə olarkən fürsətlər yaratmağa, özümüz kimi olmağa çalışacağıq. Geriyə çəkilib müdafiədə oturmağı, əks-hücum futbolu sərgiləməyi planlaşdırmırıq. “Qarabağ”a qarşı mübariz oyun göstərəcəyik. Rəqib istər “Qalatasaray”, istərsə də “Qarabağ” olsun, məqsədimiz öz oyunumuzu göstərməkdir”.
“Molde”nin baş məşqçisi “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsində məğlub olduqları Türkiyənin “Qalatasaray” klubu ilə müqayisə edib: “Qalatasaray”la “Qarabağ” oxşar komandalardır. Əsas fərq “Qalatasaray”da böyük futbolçuların olmasıdır. “Qarabağ”ın üstünlüyü isə bir kollektiv kimi çıxış etməkdir. Sabahkı matçda da inanmıram ki, oyunun taleyini konkret hansısa futbolçu həll edəcək. Hər iki tərəfdə itkilər var”.
“Molde”nin yarımmüdafiəçisi Emil Breyvik də mətbuat konfransında Ağdam klubu ilə ilk oyundan öncə fikirlərini bölüşüb.
“Səfərimiz yaxşı keçdi, birbaşa reys idi. Yorğunluq hiss etmirik. Amma Bakıda bizi çətin oyun gözləyir. “Qarabağ”ın heyətində 2020-ci ildən xatırladığım futbolçu Kevin Medinadır. Həmçinin Marko Yankoviçi xüsusi fərqləndirərdim. O, çox təhlükəli futbolçudur”.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyununa saat 20:45-də start veriləcək.


