Belçikanın “Molenbek” klubunun qanalı sağ cinah vingeri Ernest Nuama tamhüquqlu əsasla Lion “Olimpik”inə keçib.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Olimpik” Nuamanı 2023-cü ilin avqustunda “Molenbek”dən satınalma şərti ilə 1 illik icarəyə götürmüşdü. Yarımmüdafiəçinin çıxışı klub rəhbərliyinin ürəyincə olduğu üçün, fransızlar onun transfer hüquqlarını da alıblar. Bunun üçün Belçika klubuna 28,5 milyon avro təzminat ödənilib. Nuama Lion təmsilçisi ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Xatırladaq ki, Ernest Nuama geridə qalmış mövsümdə Lion “Olimpik”inin heyətində 33 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Nordsyelland”ın da formasını geyinib.
Nuama 2023-cü ilin iyun ayında debüt etdiyi Qana yığmasında 12 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
Lion “Olimpik”i “Sauthempton”un müdafiəçisi Due Çaleta-Çarın da transfer hüquqlarını alıb. Bunun üçün İngiltərə klubuna 3,59 milyon avro təzminat ödənilib.
Fransa klubu onu da ötən yay satınalma şərti ilə icarəyə götürmüşdü. Çaleta-Çar bu komandanın heyətində 29 oyun keçirib. 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Due Çaleta-Çar 2022-ci ilin sentyabrından “Sauthempton”da çıxış edirdi. Xorvatiya yığmasının üzvü “Şibenik”in yetirməsidir. Mərkəz müdafiəçisi, Avstriyanın “Yuniors”, “Zalsburq” və “Liferinq” klublarının da formasını geyinib. O, 2018-ci ildən 2022-ci ilin yayına kimi Marsel “Olimpik”ində də çıxış edib. 27 yaşlı futbolçu Xorvatiya millisində 24 matça çıxıb, 1 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.


