Türkiyəli mütəxəssis Ersun Yanal Super Liqa təmsilçisi “Alanyaspor” komandasının baş məşqçisi postundan kənarlaşdırılıb. Arena.az xəbər verir ki, bu barədə Alanya klubunun rəsmi saytı məlumat yayıb.
61 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Yanal və köməkçilərinə xidmətlərinə görə təşəkkür edilib, onlara gələcək karyeralarında uğurlar arzulanıb.
Xatırladaq ki, Ersun Yanal bu ilin fevral ayında “Alanyaspor”un baş məşqçisi təyin edilmişdi. Həmin vaxt onunla 1.5+1 illik müqaviləyə imza atılmışdı. Amma Yanalın Alanya təmsilçisindəki fəaliyyəti uğursuz alınıb. O, komandanı cəmi 6 oyuna çıxarıb ki, bu görüşlərdə 1 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb. Yanal fevralda istefa vermiş italiyalı Françesko Fariolini əvəz etmişdi.
E.Yanal daha öncə “Antalyaspor”, “Dənizlispor”, “Yeni Salihlispor”, “Ankaragücü, “Gənclərbirliyi, “Manisaspor”, “Trabzonsor”, “Əskişəhərspor” və “Fənərbaxça”da da baş məşqçi kimi çalışıb. 2004-2005-ci illər aralığında isə o, Türkiyə yığmasının baş məşqçisi olub.
Sonda onu da bildirək ki, “Alanyaspor” bu mövsüm Türkiyə Super Liqasında keçirdiyi 29 oyunda 8 qələbə qazanıb. Daha 8 oyunda da heç-heçə edən komanda 13 məğlubiyyətə üzülüb. Alanya təmsilçisi topladığı 32 xalla 19 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.


