Eşli Yanq daha bir il “Aston Villa”da!

İngiltərənin “Aston Villa” klubu müdafiəçisi Eşli Yanq ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

36 yaşlı futbolçu ilə yeni 1 illik müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 30 iyuna qədər idi. Beləliklə, İngiltərə millisinin sabiq üzvünün 2023-cü ilin yayına qədər indiki klubunda top qovacağı dəqiqləşib.

Eşli Yanq 2021-ci ilin iyun ayında cəlb olunduğu “Aston Villa” ilə 1 illik müqavilə bağlamışdı. O, ötən mövsüm Birmingem təmsilçisində ümumilikdə 25 matça çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu 2007-2011-ci illər aralığında da bu klubun formasını geyinib. O, ölkəsində “Uotford” və “Mançester Yunayted” klublarının da uğurları üçün çalışıb. Ulduz futbolçu məhz “qırmızı şeytanlar”ın formasını geyindiyi dönəmdə daha çox parlayıb. 2020/21 mövsümündə isə Yanq İtaliyanın “inter” klubunda legioner həyatı yaşayıb.

Müdafiəçi İngiltərə millisinin forması ilə meydana çıxdığı 39 matçda 7 qol vurub.

Yeri gəlmişkən, “Aston Villa” xorvatiyalı qapıçısı Lovre Kaliniçi Xorvatiyanın “Hayduk” (Split) klubuna birdəfəlik satdığını da bəyan edib. 32 yaşlı futbolçu ötən ilin iyulunda sözügedən kluba icarəyə verilmişdi. Lakin bu yay “Hayduk” futbolçunun transfer hüquqlarını da almağa qərar verib.

Xatırladaq ki, Kaliniç, 2018-ci ildən “Aston Villa”da çıxış edirdi. Lakin o, bu komandada əsas heyət üzvünə çevrilməkdə çətinlik çəkib. Premyer Liqa klubunda cəmi 8 rəsmi matça çıxan futbolçu, 2020/21 mövsümünün ilk yarısını Fransanın “Tuluza” klubunda, ikinci dövrəni isə məhz “Hayduk”da icarədə keçirmişdi.

“Hayduk” klubunun yetirməsi olan Lovre Kaliniç Xorvatiya yığmasında 19 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: