Eşli Yanq “Everton”da – Rəsmi

İngiltərə milli komandasının sabiq futbolçusu, bu yay “Aston Villa”dan ayrılmış yarımmüdafiəçi Eşli Yanq “Everton”a keçib.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən məlumat verir.

38 yaşlı yarımmüdafiəçi “şirlər”lə 1 illik müqavilə bağlayıb. O, yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Geridə qalmış 2022/2023 mövsümündə Yanq “Aston Villa”nın heyətində 32 oyuna çıxıb, 1 qol vurub. Onun Birmingem klubu ilə müqaviləsi bu il iyunun sonunda başa çatıb. Tərəflər müqaviləni yeniləməmək qərarına gəliblər.

Eşli Yanq 2021-ci ilin iyun ayından “Aston Villa”da çıxış edirdi. Müdafiəçi 2007-2011-ci illər aralığında da bu klubun formasını geyinib. O, Birmingem təmsilçisində ümumilikdə 247 matça çıxıb, 38 qol vurub, 60 məhsuldar ötürmə ilə yadda qalıb.

Yanq ölkəsində “Uotford” (110 oyun, 22 qol, 9 asist) və “Mançester Yunayted” (261 oyun, 19 qol, 43 assist) klublarının da uğurları üçün çalışıb. Ulduz futbolçu məhz “qırmızı şeytanlar”ın formasını geyindiyi dönəmdə daha çox parlayıb. 2020/21 mövsümündə isə Yanq İtaliyanın “İnter” klubunda legioner həyatı yaşayıb – 59 oyun, 5 qol, 9 asist.

Müdafiəçi İngiltərə millisinin forması ilə meydana çıxdığı 39 matçda 7 qol vurub. Yaşlı futbolçunun bu yay karyerasını başa vurması gözlənilsə də, o, daha bir il oynamağa qərar verib.

“Everton”da kapitan Şeymus Koulmanla müqavilənin müddəti artırılıb. 34 yaşlı futbolçu ilə 1 illik sözləşmə imzalanıb. İrland müdafiəçi 2009-cu ildən formasını geyindiyi bu klubda 409 oyun keçirib, 28 qol və 32 məhsuldar ötürmə müəllifi də olub. O, daha öncə “Slayqo Rovers” və “Bləkpul”da da forma geyinib, İrlandiya yığmasında 68 oyuna çıxıb, 1 qola imza atıb.

“Everton” qapıçıları Endi Lonerqan və Joao Virciniya ilə də yeni müqavilə bağlayıb. 39 yaşlı Lonerqanla 1, 23 yaşlı Virciniya ilə 2 illik yeni sözləşmə imzalanıb. Lonerqan 2021-ci ildə keçdiyi “Everton”da rəsmi matça çıxmayıb. Virciniya isə bu komandada cəmi 3 matç keçirib, 2 qol buraxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: