Mərakeş millisinin və Fransa çempionu PSJ-nin sağ cinah müdafiəçisi Əşrəf Hakimi Afrikada 2025-ci ilin ən yaxşı futbolçusu elan edilib.
Arena.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) mətbuat xidməti məlumat yayıb.
Mərakeşli müdafiəçi ötən mövsüm PSJ ilə UEFA Çempionlar Liqasını qazanıb. O, həmçinin Fransa Liqa 1-in, Fransa Kubokunun və Fransa Super Kubokunun da qalibi olub. Əşrəf bütün yarışlarda 55 oyun keçirib, 11 qol vurub və 14 məhsuldar ötürmə verib.
Hakimi 2025-ci ildə Afrikada ən yaxşı oyunçu seçilməsini belə şərh edib:
“Məni həmişə dəstəklədiyi müqabilində Mərakeş xalqına təşəkkür edirəm. Ümidvaram, müvafiq məqam ölkəmizdəki və bütün qitədəki hər bir uşağı, öz arzılarına inanmağa və onlar uğrunda mübarizə aparmağa ruhlandıracaq”.
Xatırladaq ki, Əşrəf Hakimi Madrid “Real”ının yetirməsidir. İspaniya nəhəngi bir müddət Dortmund “Borussiya”sında (Almaniya) icarədə də olmuş müdafiəçini 2020-ci ildə 43 milyon avroya Milan “İnter”inə satıb. PSJ isə Əşrəfi 2021-ci ilin yayında 68 milyon avro müqabilində heyətinə qatıb. 27 yaşlı futbolçunun Paris klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Hakimi indiyə qədər Fransa nəhənginin heyətində 189 oyuna çıxıb, 27 qol və 38 məhsuldar ötürmə müəllifi olub.
2016-cı ildə Mərakeş yığmasında debüt etmiş Hakimi millinin heyətində 88 oyun keçirib, 11 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


