“Everton” daha 2 xalından məhrum edildi

“Everton” Premyer Liqanın gəlirlilik və davamlılıq qaydalarını pozduğuna görə Premyer Liqa yarış cədvəlində daha 2 xalından məhrum edilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasıın mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, 2023-cü ilin noyabr ayının 17-də sözügedən klub maliyyə ədaləti qaydalarını pozduğuna görə, Premyer Liqanın yarış cədvəlindəki 10 xalından məhrum edilmişdi. Dekabrın 1-də klub rəhbərliyi müvafiq qərardan liqaya şikayət ərizəsi ünvanlamışdı. Fevralın sonunda müstəqil apellyasiya komissiyası “Everton”dan 10 deyil, 6 xalın silinməsinə qərar vermiş, yəni “irislər”in 4 xalını geri qaytarmışdı.

Yeni qərara əsasən, 2 xalından məhrum edildikdən sonra “Everton” Premyer Liqanın yarış cədvəlində 16-cı pilləyə enib. İndi Liverpul təmsilçisinin hesabı 31 oyundan 27 xala bərabərdir. Göründüyü kimi, komanda mövsümün qalan hissəsini Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: