“Everton” ilk transferini rəsmən açıqladı

İngiltərənin “Everton” klubu bu yay ilk transferini həyata keçirib. Arena.az xəbər verir ki, Premyer Liqa klubu elitanın digər təmsilçisi “Bernli”dən Ceyms Tarkovskini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Bernli”yə bu keçidə görə heç bir təzminat ödənilməyib. Buna ingilis müdafiəçinin əvvəlki klubu ilə müqaviləsinin bitməsi və azad agentə çevrilməsi şərait yaradıb. Tarkovski yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Mərkəz müdafiəçisi olan Ceyms Tarkovski 2016-cı ildən “Bernli”nin formasını geyinirdi. O, bu komandanın heyətində keçirdiyi 7 mövsüm ərzində 219 oyuna çıxıb, 7 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Tarkovski “Bernli”dən əvvəl “Meyn Roud”, “Oldhem Atletik” və “Brentford” klublarının da formasını geyinib. İngiltərə yığmasında da oynamış futbolçu, millidə 2 matça çıxıb.

Xatırladaq ki, Frenk Lempardın çalışdırdığı “Everton” geridə qalan mövsümdə elitanı tərk etmək təhlükəsi ilə üzləşsə də, son anda Premyer Liqada qalmağı bacarmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: