“Everton” Rafael Benites ilə vidalaşdı

İngiltərənin “Everton” komandasının baş məşqçisi Rafael Benites istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Bu üzdən də təcrübəli mütəxəssislə müqaviləyə xitam verilib.

“Everton” Premyer Liqada 22 turdan sonra 19 xalla 15-ci pillədə qərarlaşıb. 3 oyunu təxirə salınmış komanda, 19 oyunda cəmi 5 qələbə qazanıb, 4 heç-heçə edib, 10 matçdan məğlubiyyətlə ayrılıb. Bu oyunlarda 24 qol vuran kollektiv, 34 top buraxıb.

Rafael Benites 2021-ci ilin iyun ayından “Everton”a rəhbərlik edirdi. İspaniyadan olan 61 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 22 oyuna çıxarıb. Bu oyunlarda 7 qələbə qazanıb, 5 heç-heçə edən komanda 10 görüşdə də məğlubiyyətə üzülüb.