“İmişli”nin baş məşqçisi Fərid Namazov Premyer Liqanın 4-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü “İmişli”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Fərid Namazov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təbrik edirəm. Oyunun ağır keçəcəyini bilirdik. “Qəbələ”də məşqçi dəyişikliyi olmuşdu. Adətən yeni məşqçi gələndə komanda daha istəkli olur. İlk 15 dəqiqə gözlədiyimiz kimi, “Qəbələ”nin təzyiqi ilə keçdi. Qapımızın qarşısında çox boşluqlar verdik. Rəqibin hansı sistemlə oynayacağını bilmirdik. Penaltidən yararlana bilmədik. Oyunu bərabərləşdirməyə çalışırdıq. İkinci hissədə maraqlı və sürətli oyun oldu. Təəssüf ki, yaxşı oynadığımız vaxtda qol buraxdıq. Bundan sonra bir az düşüş oldu. Səlahət Ağayevin çıxışını da qeyd edərdim. Kritik qurtarışlar etdi.
“Qəbələ” bu oyunda bizdən daha istəkli idi. Uşaqlara tapşırmışdıq ki, öz oyun planımızdan kənara çıxmayaq. Amma təzyiq çox oldu deyə, topa nəzarət edə bilmədik. Həm taktika, həm də istək ön plana çıxdı”.
“Qəbələ”nin məşqçisi Amil Ağacanov isə komandasının qələbəsini belə şərh edib:
“Komandada məşqçi dəyişikliyi oldu. Əvvəlki oyunları təhlil etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, “İmişli” uzun ötürmələr və standart vəziyyətlərdə yaxşı oynayır. Ona uyğun hazırlaşdıq. Qələbə münasibətilə hamını təbrik edirəm.
“Qəbələ”də hansısa problemin olduğunu deməzdim. Çempionatın əvvəli idi. Sadəcə, yaradılan fürsətlərdən istifadə edə bilmirdik”.


