İngiltərənin “Mançester Yunayted” klubunun uruqvaylı sağ vingeri Pakundo Pelyistri bundan sonra “Panatinaikos”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Yunanıstan klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Keçid yunan klubuna 6 milyon avro məbləğ müqabilində başa gəlib. Pelyistri “Panatinaikos”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Fakundo Pelyistri “Penyarol”un yetirməsidir. Uruqvaylı futbolçunun Avropa karyerası “Mançester Yunayted”lə başlayıb. Pelyistri icarə əsasında “Alaves” və “Qranada” klublarında çıxış edib.
Cari mövsümdə Pelyistri “Mançester Yunayted”in heyətində 1 oyun keçirməyə də imkan tapıb. Uruqvaylı hücumçunun “qırmızı şeytanlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə 25 oyun və 2 məhsuldar ötürmədən ibarətdir.
Fakundo Pelyistrinin qənimətlər muzeyində “Mançester Yunayted”lə qazandığı İngiltərə Liqa Kuboku (2023) var.
Pelyistri 2022-ci ilin yanvarında debüt etdiyi Uruqvay yığmasının heyətində 26 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 22 yaşlı uruqvaylı sağ vingerin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.