Futbol üzrə Azərbaycan milli komandasını baş məşqçisi Fernando Santos Slovakiyaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində sabah Slovakiya yığmasını qəbul edəcək.
Bu oyundan öncə baş məşqçi Fernando Santosla millimizin üzvü Elvin Cəfərquliyev bu gün mətbuat konfransında iştirak ediblər.
Portuqaliyalı mütəxəssis qarşılaşma ərəfəsində bunları söyləyib:
“Nəyin baş verməsindən asılı olmayaraq, hər oyuna pozitiv köklənməliyik. Buna məcburuq. Çünki xallar qazanmalıyıq. Futbolçularıma güvənirəm.
Kapitanlıq elədir ki, hər dəfə dəyişmək istəməzdik. Liderlik keyfiyyətlərini nəzərə alsaq, sabahkı matçda Bədavi Hüseynovu kapitan kimi düşünürük. Kapitan həm komandanın daxilində, həm də meydançada özünü bariz şəkildə göstərməlidir. Kapitan bir növ komandada baş məşqçinin sözçüsüdür. Fərdi olaraq Emini çox bəyənirəm. Həmçinin də futbolçu kimi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmirsə, digər kapitanı seçməliyik. İlk oyunda penalti ilə bağlı göstəriş vermişdim. Buna riayət olunmadı. Bu qədər”.
Fernando Santos millimizin problemlərindən də söz açıb: “Müəyyən oyun fəlsəfəsinin tam oturuşması üçün çox çalışmaq lazımdır. Artıq hücum planında müəyyən mənada istədiyimiz şeyləri görməyə başlamışıq. Son oyunda komanda hücum planında daha çoxuna nail ola biləcəyini göstərdi. Amma epizodlarımız olsa da, faydalana bilmədik. Qol epizodları yaratmağa davam etsək, daha çox faydalana bilərik. Hazırda komandanın əsas problemi çox qol buraxmasıdır. Çox qol buraxırsansa, oyunun taleyini həll etmək çətinləşir. Bu, bütün dünya futbolunda belədir. Çox qol vuran komanda qələbəyə daha yaxın olur. Müdafiə planında işləməli olduğumuz elementlər çoxdur. Digər aspektlərdə də inkişaf etməliyik. Üç məşqə bunları etmək mümkünsüzdür. Bunun üçün daha çox məşq etmək, daha çox oyun keçirmək lazımdır. Oynadıqca görəcəyik ki, problemlər bir-bir aradan qalxır. Müdafiə planına daha çox fokuslanmalıyıq. Komandanın formalaşmasında sadaladığım amillər mühüm rol oynayır”.
“Vədimə əməl edə bilməsəm, federasiyadan, azarkeşlərdən üzr istəyəcəyəm”
Santos millimizin məğlubiyyətlərinin ona daha çox təsir etdiyini dilə gətirib:
“Yaratdığın qol fürsətlərindən istifadə edə bilmirsənsə, rəqib də qol vurursa, nəticə qazanmaq çətinləşir. Qollar buraxmaq futbolçulara da psixoloji cəhətdən təsir edir. Futbol hər yerdə eynidir – Portuqaliyada, İspaniyada, İngiltərədə, Gürcüstanda və.s. Futbolçularda bir düşüncə tərzi olmalıdır – müdafiədə qol buraxmayacağıq və qollar vuracağıq! Gələcəyə nikbin baxmaq lazımdır. Bir ildən sonra bu komanda istənilən rəqibə qarşı normal futbol oynayacaq. Hazırkı vəziyyətdə nəticələrdən məmnun deyilik. Özüm də nəticələrə görə xoşbəxt deyiləm. Hamıdan əvvəl bu nəticələr mənim özümü məmnun etmir. Məşqçilik karyeramın 15 faizini məğlubiyyətlər təşkil edir. Son oyunlardakı yenilgilər mənim üçün də yaxşı hal deyil. İlk növbədə özüm haqda düşünməliyəm.
Bura gələcək layihə ilə bağlı gəlmişəm. Azərbaycanda gələcək üçün normal komanda formalaşdırmaq istəyirəm. Eyni motivasiya, eyni istəklə davam etmək niyyətindəyəm. Asan olmayacaq. Azərbaycanın bütün matçlarını izləmişəm. Portuqaliya millisinin baş məşqçisi kimi Azərbaycana qarşı da oynamışam. Azərbaycan futbolu haqda məlumatlı idim. Bura gəlməzdən öncə artıq inanırdım ki, gələcək layihəyə köməyim dəyəcək. Hazırkı vəziyyət özüm üçün də ürəkaçan deyil”.
Fernando Santos özündən əvvəlki bəzi mütəxəssislər kimi “bu komanda ilə heç nə etmək olmaz” ifadəsini işlədib-işlətməyəcəyi barədə sualı belə cavablandırıb:
“Bu ifadəni heç vaxt istifadə etməyəcəyəm. Bu cür mesajlar futbolçulara da ötürülə də bilməz. Öz xarakterimə bələdəm. Məsuliyyəti üzərimə götürürəm. 2-3 ildən sonra verdiyim vədlər boşa çıxsa, yenə də məsuliyyəti özüm daşıyacam. İstənilən halda, bu vəziyyət olarsa, federasiyadan, azarkeşlərdən üzr istəyəcəyəm. 2028-ci ilə qədər müqaviləm var. Millinin çıxış etdiyi bütün turnirlərdə baş məşqçi kimi bütün məsuliyyət məndədir. 2028-ci ilə qədər hansısa vəziyyətdə AFFA qərar versə ki, yolumuza davam etməyəcəyik. Azərbaycan haqda bundan sonra belə, heç bir mənfi təəssüratım ola bilməz.
Mövcud uğursuzları kiminsə boynuna yıxmaq düzgün olmazdı. Hər kəsin həm uğursuzluqda, həm də uğurda öz payı olur. Qələbə qazandığımız halda da, AFFA-nın, futbolçuların, məqçilərin, Azərbaycanın qələbəsidir. Bəzən problemlər qaçılmaz olur. Buna görə məyusuq”.
“Slovakiya ilə matça qələbə üçün çıxacağıq” – Cəfərquliyev
Elvin Cəfərquliyev isə yığmamızın növbəti oyunundan gözləntilərini belə ifadə edib:
“Slovakiya ilə matça çox ciddi hazırlaşırıq. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq. Ümid edirəm ki, bu oyunda qazanacağımız qələbə ilə ötən məğlubiyyətləri unutduracağıq. Matça qələbə üçün çıxacağıq.
Özümü komanda yoldaşlarımdan fərqləndirməzdim. Öz işimi görürəm. Fərdi olaraq səhvlərimiz oldu. Bu gün Estoniya ilə oyuna baxmışıq. Bəzi səhvlərimiz var idi. Xüsusilə də müdafiədə. Sabah daha yaxşı çıxış etməyə çalışacağıq.
Estoniyaya bu dəfə də qalib gəlmək mümkün idi. Epizodlardan düzgün istifadə edə bilmədik. İlk yarıda bir xeyli qol epizodlarımız oldu. Qaçırdınsa, rəqib səni cəzalandıracaq.
Çox yaxşı oyunçularımız var. Kollektiv şəkildə niyə uğur qazana bilmədiyimizi izah edə bilmərəm. Ümid edirəm ki, komanda olaraq daha yaxşı çıxış edəcəyik”.


