Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi, portuqal mütəxəssis Fernando Santos bu gün mətbuat konfransı keçirib.
Arena.az xəbər verir ki, 69 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının 2024/2025 mövsümünün ilk iki oyunu (İsveçlə ev, Slovakiya ilə səfər matçları) üçün açıqladığı heyətlə bağlı sualları cavablandırıb.
Santos əvvəlcə Mahir Emreli ilə Eddi İsrafilova dəvət göndərməməsinə aydınlıq gətirib:
“Mahir zədəlidir. Bu, bəllidir. Ümumiyyətlə, 50 nəfərə yaxın oyunçu var idi. Onların arasında seçim etdik. Dediyiniz oyunçular zədəli olduqları üçün çağırılmadılar. Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Mahir Emreli, İsmayıl İbrahimli, Anton Krivtosyuk, Hacıağa Hacılı zədəli olduqları üçün millidən kənarda qaldılar”.
“Reallıqlarla barışmaq lazımdır”
Təcrübəli məşqçi “gələcəyə ümidlə baxmağa əsas varmı” sualını belə cavablandırıb:
“Reallıqlarla barışmaq lazımdır. Biz bura gəlmişik ki, gələcək üçün komanda quraq, həmin komanda bu yarışlarda ölkəni yaxşı təmsil etsin. İndi heyətə cəlb etdiyim oyunçular birinci dəfədir ki, mənimlə işləyəcəklər. Məşq üçün cəmi bir gün vaxt olacaq. İndi hansısa köklü dəyişikliklər etməyə gərək yoxdur. Futbolçularla birinci dəfə işləyəcəm. Onlar bizi, biz onları tanıyacağıq. Fiziki hazırlıqlarında dəyişiklik etmək imkanımız yoxdur. Klublarında necə hazırlıq keçiblərsə, elə də olacaq. Gələcəkdə nələrsə dəyişəcəkmi? Bu, artıq başqa məsələdir. İndiki məqamda köklü dəyişikliklərə getməyə əsas yoxdur. Əsas hazırlıq bazası bu və millinin keçirdiyi son oyunlar olacaq. Təbii ki, rəqabətədavamlı komanda yaratmaq istəyirik ki, yüksək səviyyədə mübarizə apara bilsin, çox qol vurub, daha az qol buraxsın. Çox kompakt, istəkli, əzmkar, vətən, bayraq üçün əzmkarlıq göstərən komanda yaratmaq istəyirik. Çalışacağıq ki, güclü kollektiv yaradaq. İndiki məqamda bu çox vacibdir. Milliyə çağırılacaq hər futbolçu bizim üçün çox önəmlidir. Amma onların heç biri bizim üçün ulduz deyil. Ulduz yalnız göydə olur.
Əsas olan komandadır. Fərdlər önəmli deyil. Gələcəkdə dəfələrlə təkrar edə bilərəm. Mənim üçün bir oyunçu digərindən önəmlidir deyə, bir şey yoxdur. Hamı mənim üçün önəmlidir. Ola bilsin ki, sizin gözlədiyiniz oyunçu mənimlə olmasın. Biz hamımız buradayıq ki, Azərbaycan naminə bir şeylər edək. Fernando Santos və ya hansısa futbolçular üçün yox, Azərbaycan üçün buradayıq. Bizim üçün əsas olan Azərbaycan bayrağı, Azərbaycan himninə görə oynamaqdır. Buraya elə-belə gəlməmişəm”.
“Azərbaycan çempionatının bütün oyunlarını izləyirik”
Millinin toplanışına qədər çempionat oyunlarında iştirak edəcək futbolçulardan hansısa zədələnsə, onların alternativlərini də müəyyənləşdirdiklərini vurğulayan baş məşqçi, bunları qeyd edib:
“Təbii ki, alternativlər var. Avrokuboklar oyunlarını izlədik və qərara gəldik ki, heyəti bu gün elan edək. 50 nəfərlik siyahı var, orada alternativlər də var. Ölkədən kənarda oynayanlar da var, onların ölkəyə gəlişi-gedişini nəzərə almaq lazımdır. Ola bilsin ki, xaricdə oynayanlardan kimsə zədələnsə, onları daha çox yerli çempionatda oynayanlar əvəz edəcək. Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. “Turan Tovuz”dan iki oyunçunun çağırılması onların lider komandada oynaması ilə əlaqədar deyil. Sərgilədikləri oyuna görə dəvət olunublar. Onları millidə görəcəyik, tanıyacağıq. Kim layiqdirsə, çağırırıq. Bu dəfə Azərbaycan çempionatının 4 komandasından milliyə oyunçu cəlb edilməyib. Dünənə qədər 30 futbolçu var idi, seçim etdik və 24 oyunçuluq siyahı çıxardıq. Amma 4 komandadan oyunçu yoxdur. Heç kim deyə bilməz ki, gələcək oyunlarda onlardan milliyə gələn olmayacaq. Futbolçuların daha çox öz klublarındakı çıxışına baxıb, milliyə dəvət edirik. Hər bir futbolçuya böyük hörmətim var. Sizlərə də, həmçinin. Futbolçuların adını sizin qarşınızda elan etmək istədim ki, əlavə suallarınız olsa, cavablayaq. Ola bilsin ki, bəzi oyunçular milliyə daha çox cəlb olunacaq, bəziləri olmayacaq”.
“Əsas məsələ topu çərçivədən keçirməkdir”
Fernando Santos qarşıdakı rəqiblər – İsveç və Slovakiya yığmaları barədə də düşüncələrini bölüşüb:
“Dünyada elə məşqçi yoxdur ki, qələbədən başqa nəticəni istəsin. Elə komanda yaratmaq istəyirik ki, oyunçular inamlı və iddialı olsunlar. Futbol sadə oyundur. Əsas məsələ topu çərçivədən keçirməkdir. Rəqiblər haqda da informasiyaya malikik. İstəkli, iddialı komanda qurmaq niyyətindəyik. İndiki məqamda əsas baza əlimdə olan bu futbolçulardır. Birinci dəfədir işləyəcəyik. Bilmirəm necə müdafiə olunurlar, necə hücuma keçirlər, məşqçinin dediklərini necə edirlər. Biz öz modelimizi yaratmaq istəyirik ki, öz dəst-xəttimiz olsun.
Sizdən bir şey xahiş etmək istəyirəm. Çox istəyərdim ki, milliyə dəstək olasız. Azarkeşlərə müraciət edirəm. “Qarabağ”ın avrokuboklardakı oyunlarına 30 min azarkeş gəlir, çempionat oyununa isə 300 azarkeş. “Turan Tovuz”un oyununa baxırsan, bölgələrdə azarkeş çox gəlir. Millidən bərk yapışın, inanın ki, bu gələcəyə atılmış addımdır, layihədir. Sadəcə milliyə inanın. Azarkeşlərdən xahiş edirəm ki, məni dəstəkləmək lazım deyil, amma millinin və oyunçuların buna ehtiyacı var. Çox istəyərdim ki, millinin oyunlarında azarkeşlər stadionu doldursunlar”.
Santos milli komandaya yerli mütəxəssis cəlb olunacağını da açıqlayıb: “Rəhbərliklə bu məsələ üzərində işlər aparılır. Ola bilər ki, bir neçə gün sonra, ya bir neçə həftə sonra ad açılanacaq. Heyətdə yerli məşqçinin olması lazımdır”.


