Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santos Belarus yığması ilə yoxlama oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, portuqal mütəxəssis bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Elvin Cəfərquliyevdən savayı bütün oyunçular sabah şans qazana bilərlər. Səbuhi Abdullazadə də onlardan biridir, oynamaq ehtimalı var. Heyətdə dəyişikliklər olacaq. Bəzi oyunçular dincələcək. Ardıcıl iki oyun oynamaq asan deyil. Oyunçuların çoxu oruc tutur. Buna da hörmətlə yanaşırıq. Vəziyyəti nəzərə alaraq, dəyişikliklər edəcəyik. Meydanda daha istəkli olmalıyıq. Müdafiədə daha inamlı çıxış etməliyik. Buraxdığımız qolların çoxu sadə epizodlardır. Haiti ilə görüşdə təhlükəli epizodlar yaratdıq. Ancaq hücumların sonu olmadı. Sabah qol vurmaq istəyirik. Futbolda belə hallar olur, epizodlar yaradırsan, qol vura bilmirsən… Digər matçlarda isə bəhrəsini görürsən. Müdafiədə daha diqqətli olmalıyıq. Belə davam etməklə yuxarı səviyyədə rəqabət apara bilmərik. Hücumda isə qol epizodlarımız var.
Hər oyunda qalib gəlmək üçün imkanlarımız olur. Qələbəyə hamılıqla inanmalıyıq. Ümid edirəm ki, ilk qələbə sabahkı matçda yaşanacaq. Daha inamlı müdafiə olunmalıyıq. Hücumda yaradılan qol epizodlarından da istifadə etmək lazımdır. Bunları etsək, qələbə gələcək”.
Fernando Santos Haiti millisi ilə oyundakı darmadağını da yada salıb:
“Komanda bu oyunun birinci hissəsində qol epizodları yaratdı, sadəcə onları konkretləşdirə bilmədik. İkinci hissədə dəyişiklik etmək istədik. Amma ikinci qoldan sonra komanda təslim olmuşdu. Oyunçular hər zaman istəkli olmalıdırlar ki, qalib gəlsinlər. Futbolçularımız qol buraxan kimi həvəsdən düşürlər”.
Fernando Santos hər kəsi futbolçulara dəstək olmağa səslədi
Fernando Santos sabah qapıda Rza Cəfərova və Şahruddin Məhəmmədəliyevə şans verəcəyi barədə suala cavab vermək istəməyib:
“Kimlərin oynayacağını deyə bilməyəcəyəm. Analizlər edirsiniz, bunlar fərdi analizlərdir. Bu oyunçu yaxşı oynadı, pis oynadı, fərdi təhlildir. Heç vaxt komanda adından danışmırsınız. Udanda birlikdə uduruq, uduzanda da birlikdə uduzuruq. Mental olaraq dəyişməliyik. Daim oyunçularla danışıram. Hər dəfə oyunçulara mesaj ötürməyə çalışıram. Fərdi də danışıram, kollektiv şəkildə də. Oyunçunun özündən də çox şey asılıdır. Onlar da bunu dərindən dərk etməli və baryeri keçməlidirlər. Bu problemi birlikdə çözməliyik. Bu işdə siz jurnalistlər, azarkeşlər də çox vacibsiniz. Nə qədər bir olacağıqsa, eyni istiqamətdə addımlayacağıqsa, bir o qədər asan olacaq. Futbolda çox təcrübəm var. Futbolçu rəhbərlik, məşqçi, jurnalist, azarkeş tərəfdən dəstək görməlidir. Dəstək olmayanda, futbolçu qorxaraq addımlayır. Səhv etmək insana xas olan məsələdir. Hər dəfə səhv edəndə “öldürmək” olmaz, dəstəkləmək lazımdır. Həyatda səhv etməyən biri var? Mən də səhv etmişəm. Ən önəmlisi odur ki, dəstək olaq. Onda futbolçunun özünəinamı da olur, təkcə tənqid etmək lazım deyil. Hər birinizi belə olmağa, yaxşı getməyəndə də oyunçuları dəstəkləməyə çağırıram. Övladını ancaq yaxşı edəndə tərifləmək düzgün deyil. Onlar düzgün etməyəndə də dəstəkləmək lazımdır. Milli komandada da belədir.
Fernando Santos Azərbaycan millisində kollektiv oyunun olmamasından da şikayətlənib:
“Azərbaycan millisi kollektiv şəkildə yaxşı çıxış etmir. Komanda şəklində müdafiədə çox zəif çıxış edirlər. Müdafiə cəhətdən komanda kimi zəifik. Amma burada sadəcə müdafiədə oynayanları, ya da qapıçını demirəm. Kimsə yuxarı səviyyədə olmaq istəyirsə, belə qollar buraxmaq olmaz. Hazırda millimizin ən böyük problemi kollektiv şəkildə müdafiə oluna bilməməkdir. Aqressivlik də çatışmır. Komanda şəklində hamımız arxada otura bilərik. Amma istək və aqressivlik olmayanda… Bura gəldiyim gündən eyni şeyləri təkrar edirəm. Qapımızda çox asan qollar buraxırıq. Yalnız qapıya zərbələri, hücumları bitirmələri çalışdıq. Bir məşqi ona həsr etdik. Ondan qabaq müdafiədən çıxışı məşq etdik. Qapısında çox qol buraxan komanda az hallarda qalib gələ bilər”.
“Qarşılaşmadan üzüağ çıxmaq niyyətindəyik”
Mətbuat konfransına qatılmış milli komandamızın üzvü Səbuhi Abdullazadə isə bunları söyləyib:
“Son oyunu uduzmuşuq. Ümid edirəm ki, sabahkı matçda həmin nəticəni unutdurarıq. Qələbə üçün oynayacağıq. Allah qoysa, qazanarıq.
Haiti ilə oyunun nəticəsi ağır oldu. Belə olmasını istəməzdik. Belarusla görüşə psixoloji cəhətdən hazır olmaq və məşqçinin dediklərini yerinə yetirmək istəyirik. Qarşılaşmadan üzüağ çıxmaq niyyətindəyik. Haiti ilə görüşdə millidə debüt etdim. Təcrübəlilər də mənə kömək etdi. Haiti daha atletik komandadır. Amma Belarusla matça da hazırlaşmışıq. Baş məşqçimizin dediklərini edəcəyik”.


