Fernando Santos: “Milli komanda düzgün yoldadır”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos bu gün Slovakiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində doğma meydanda Slovakiya yığması ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub.

Fernando Santos oyundan sonrda keçirilən mətbuat konfransında bunları söyləyib:

“Oyunun ilk dəqiqələrindən 68-ci dəqiqəyə qədər yaxşı performans göstərdik. Bəzi epizodlarda bəxt amili də rəqibin tərəfində oldu. Qırmızı vərəqə qırılma nöqtəsi idi. Ondan sonra üstünlüyü ələ almaq, oyunun taleyini dəyişmək bizim üçün çətinləşdi. Real qol imkanlarımız olsa da, cəmi birindən yararlandıq. Bunu biabırçı məğlubiyyət adlandırmazdım. Yaxşılaşdırmalı olduğumuz elementlər var. Komandada potensial görürəm. Bizə zaman lazımdır. Hələ ki, heç bir il keçməyib. Bir neçə ildən sonra komandamız normal rəqibə qarşı istənilən səviyyədə oynaya biləcək. Məqsədimiz gələcəkdə daha yaxşı futbol nümayiş etdirməkdir”.

Millinin baş məşqçisi 70-ci dəqiqədə qırmızı vərəqə almış Mahir Emrelinin məsuliyyətisizliyinə dair sualı belə cavablandırıb:

“Futbolçuların fərdi səhvlərindən danışmağı xoşlamıram. İlk sarı vərəqədən sonra problem başlamışdı. Hakimin qərarı qərəzli idi. Amma bu, hakimin qərarıdır”.

Portuqaliyalı mütəxəssis yığmamızın D Liqasına düşmək təhlükəsindən də söz açıb:

“Aşağı liqaya düşəcəyimizə inanmıram. Sona qədər mübarizə aparmaq istəyirik. Etiraf edək ki, komanda bu gün müsbət nəticə üçün hər şeyi etdi. 68 dəqiqə bu cür güclü rəqibə qarşı üstün oynayırdıq. Bunu səmimi qəbul etməliyik. Qırmızı vərəqə olmasaydı, nəticə başqa cür olardı. 68 dəqiqə effektiv oyun gördüm. Arzuolunmaz nəticədir, amma düzgün yoldayıq. Ötən matçda 35 dəqiqə üstün idik. Bu matçda 68 dəqiqə üstün oynadıq. Bu detalları inkişaf etdirib, gələcəyə ümid etmək olar”.

Xəbəri sosial şəbəkələrdə paylaş: