Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos UEFA Millətlər Liqasının ilk turunda İsveçə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, portuqaliyalı 69 yaşlı mütəxəssis millimizdəki debüt matçında qeydə alınan 1:3 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
“Oyuna hücumlarla başladıq, şanslarımız oldu. Təəssüf ki, həmin epizodlar qolla nəticələnmədi. Sonradan isə müdafiədən oynadıq. İsveç kifayət qədər güclü komandadır. Uşaqlar müdafiədə yaxşı oynamağa çalışdılar. Ancaq İsveç bizi sıxırdı. Müdafiədə oynamağımıza baxmayaraq, hücum etmək üçün şans axtarırdıq. Birinci hissənin sonunda da qol vurmaq üçün bir neçə şansımız oldu. Təəssüf ki, hücumumuz qolla nəticələnmədi. Eyni zamanda penaltini də əldən verdik.
İkinci hissədə yaxşı oynadıq. Qol şanslarımız var idi. Hücumları uğurlu sonlandıra bilmədik. Uşaqlar verdiyim tapşırıqları maksimum düzgün yerinə yetirməyə çalışdılar. Bəzi səhvlərimiz oldu, rəqib də yararlanaraq qollar vurdu. Həvəsdən düşməmişik, görəcəyimiz işlər qarşıdadır. Kifayət qədər yaxşı nəticələr verə bilərik”.
Təcrübəli mütəxəssis millimizin penalti qazandığı epizodda 11 metrlik nöqtəyə kapitan Emin Mahmudovun yox, Ramil Şeydayevin yaxınlaşmasına da münasibət bildirib: “Mən oyundan qabaq da, penalti olanda da, Emin Mahmudov deyirdim. Buna görə kiminsə cəzalandırılması komandadaxili məsələdir. Sabah bununla bağlı müzakirə aparacağıq”.
Fernando Santos debüt oyununda gördüklərindən nə dərəcədə razı qaldığı barədə sualı belə cavablandırıb: “Hücumdakı oyunumuzdan 100 faiz razıyam. Futbolçular tapşırıqlarımı yerinə yetirdilər. Daim qol vurmağa cəhd edirdilər. Müdafiə planında isə 50 faiz razıyam. Əslində, pis deyildik. Sadəcə, müdafiənin təşkilində problem var idi və tez-tez top itirirdik. Azərbaycan millisi 4 səhvə yol verdi, İsveç isə 20 səhvə. Hamı qələbə qazanmaq istəyirdi. Oyunçular əllərindən gələni etdilər”.
Yon Dal Tomasson: “Penaltidən qol buraxsaydıq da, qollar vuracaqdıq”
İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson da matçdan sonra fikirlərini paylaşıb. Danimarkalı 48 yaşlı mütəxəssis komandasının qələbəsinə belə şərh verib:
“Nəticədən razıyam. Kifayət qədər şanslarımız oldu. Bunu müdafiədə yaxşı oynayan komandaya qarşı etdik. Açıq oyun təklif etdik. Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan. İlk hissədə önə doğru vertikal paslar verirdik, amma arxası gəlmirdi. Fasilədə bununla bağlı danışdıq. Hərəkət etmək lazım idi. Topu itirdikdən sonra komandamız yerini tuta bilmirdi, geri çəkilirdik, rəqibə fürsətlər verirdik. Qapıçının çıxışından çox razıyam, penaltini qaytardı. Qələbə ilə başladıq. Önəmli olan budur. Bakıda belə nəticə əldə etmək, kifayət qədər qol epizodu ilə qələbə qazanmaq çox çətindir. Qapıçımızın penalti qaytardığı epizodun matçda dönüş nöqtəsi olduğunu deməzdim. İnanıram ki, penaltidən qol buraxsaydıq da, qollar vuracaqdıq. Çünki kifayət qədər qol epizodları yaradırdıq”.