Fernando Santos: “Taktikanı dəyişmək fikrimiz yoxdur”

Azərbaycan millisinin baş məşqçisi Fernando Santos UEFA Millətlər Liqasında Estoniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə Estoniya yığması ilə qarşılaşan millimiz 1:3 hesablı məğlubiyyətə üzülüb.

Fernando Santos matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Komandamız oyuna yaxşı başladı, ilk 35 dəqiqə kompakt oynadıq. Rəqib komanda qapımız qarşısında heç bir qol şansı qazanmırdı. Amma qol buraxdıqdan sonra vəziyyət dəyişdi. Futbol belə oyundur. İlk qolu buraxdıqdan sonra komandada ruh düşkünlüyü yarandı. Lakin özümüzü toparlayıb, bərabərlik qolunu vurduq. Təəssüf ki, fasiləyə qədər bərabərliyi qoruyub saxlaya bilmədik.

Fasilədə futbolçulara dedim ki, ilk 35 dəqiqədə olduğu kimi oynamalıyıq. Rəqib ağıllı oynadı. Bizə öz oyunumuzu oynamağa imkan vermədilər. Şanslarımız oldu, amma yararlana bilmədik. Rəqib komanda bizə meydanda yer buraxmadı. 3-4-3 sxemi ilə başladıq, ilk 35 dəqiqədə yaxşı oynadıq. Ək-hücumda qol vurdular. Bizim 4-5 real şansımız oldu”.

Portuqaliyalı mütəxəssis müdafiə xəttindən narazılığını gizlətməyib:

“Əsas problemimiz müdafiədədir. 3 oyunda 8 qol buraxmışıq. Biz öz işimizi davam etdirməliyik. Bu problemlərin üzərində işləməliyik. Taktikanı dəyişmək fikrimiz yoxdur. Hücum futbolu oynamaq istəyirik. Yarımmüdafiədə 4 futbolçu ilə oynayırıq”.

Santos Abbas Hüseynovun kapitan seçilməsinin səbəbini də açıqlayıb:

“Bədavi Hüseynov kapitanımız idi, amma o azərbaycanca yaxşı danışa bilmir. Ona görə Abbas Hüseynovu kapitan seçdik”.

Fernando Santosun rəhbərlik etdiyi yığmamız UEFA Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: