FIFA Ronaldolu “Əl-Nəsr”ə qadağa qoydu

FIFA rəsmisi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna tətbiq etdikləri transferlərin qeydiyyata alınmasına qoyulan qadağadan danışıb.

Arena.az italyan jurnalist-insayder Fabrision Romanoya istinadən FIFA nümayəndəsinin bu xüsusda fikrini diqqətinizə çatdırır:

“Əl-Nəsr” hazırda yeni oyunçuları qeydiyyatdan keçirə bilmir. Bu, ödənilməmiş borclarla əlaqədardır. Müvafiq qadağalar borcun ödənilməsində maraqlı kreditorlar tərəfindən təsdiq edildikdən dərhal sonra qaldırılacaq”.

“Əl-Nəsr” sabiq nigeriyalı cinah hücumçusu Əhməd Musanın transferi müqabilində nəzərdə tutulmuş bonusları “Lester Siti”ə ödəmədiyi üçün müvafiq sanksiyaya məruz qalıb.

Musa 2018-ci ildə təxminən 16 milyon avroya “Əl-Nəsr”ə transfer edilib. Hücumçu bu komandanın heyətində 60 oyuna çıxıb, 11 qol vurub, 14 məhsuldar ötürmə verib. O, Səudiyyə Ərəbistanı çempionatının qalibi olub və iki il sonra azad agent qismində klubu tərk edib.

FIFA iddia edir ki, ərəblər “Lester Siti”yə 460 min avro məbləği, üstəlik, futbolçunun sərgilədiyi keyfiyyətli oyun müqabilində bonus olaraq nəzərdə tutulmuş müvafiq faizi ödəməyiblər.

Xatırladaq ki, “Əl-Nəsr”də hazırda Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldo çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: