Filip Damyanoviç “Turan Tovuz”da!

Sloveniyanın “Koper” klubunun mərkəz müdafiəçisi Filip Damyanoviç bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Serbiyalı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Son olaraq Sloveniya təmsilçisi “Koper”in şərəfini qoruyan 28 yaşlı futbolçu vətənində “İMT Novi Beoqrad”, “Vojdovats”, Türkiyədə “Konyaspor”un formasını geyinib.

Filip Damyanoviç 2023-cü ildə Serbiya millisində də bir oyun keçirib. Amma ona sonradan millidə forma geyinmək qismət olmayıb.

“Turan Tovuz” bu yay Dioqo Balau, Aleksey Kenyaykin və Stiv Besnardı da heyətinə qatıb. Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samok, Ayxan Hüseynov və Fərid Yusifli komandanı tərk ediblər. Heyətdəki futbolçulardan isə yalnız İbrahima Vadji ilə yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: