Filip Ozobiç: “Dinamo” “Qarabağ”a daha çox qol vura bilərdi”

“Neftçi”nin futbolçusu Filip Ozobiç “Qarabağ”la Zaqreb “Dinamo”su arasında baş tutacaq Çempionlar Liqasının pley-off oyunundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Xorvatiya çempionları sabah Bakıda cavab görüşündə üz-üzə gələcəklər.

Bu komandaların Zaqrebdə baş tutmuş ilk qarşılaşmasında “Dinamo” 3:0 hesabıyla qalib gəlmişdi.

Cavab qarşılaşması öncəsi Xorvatiya mətbuatına müsahibə verən Ozobiç bunları dilə gətirib:

“Bakıdakı cavab oyunu çox maraqlı ola bilərdi. Amma 3:0 hesabı böyük üstünlükdür. “Dinamo” ilk oyunda hətta 4-cü və ya 5-ci qolu da vura bilərdi”.

2018-2023-cü illərdə Ağdam klubunun formasını geyinmiş yarımmüdafiəçi Azərbaycan təmsilçisinin Zaqrebdəki ilk matçda çoxlu şanslarının olduğunu bildirib:

“Ancaq fərqlənə bilmədilər. Ən azı bir saat keyfiyyətli oyun nümayiş etdirdilər. Cinahlardan hücum edirdilər, arxa xətdə isə çoxlu boşluq var idi. “Qarabağ” cavab qarşılaşmasında erkən qol vurmaq istəyəcək. “Dinamo” Bakıdakı matçın asan olmayacağını başa düşməlidir. Hesabı saxlayacaq kollektiv deyil. Keyfiyyətli futbolçuları var və həmişə hücum barədə düşünürlər. Komandanın bu görüşdə oyun üslubunu dəyişəcəyini düşünmürəm”.

Qeyd edək ki, sabah – avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Dinamo” matçına saat 20:45-də start veriləcək.

Yeri gəlmişkən, Filip Ozobiç Azərbaycan millisindəki karyerasını sonlandırmaq istəmədəyini də bildirib. Əslən Xorvatiyadan olan 33 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsində çıxış etmək niyyətindədir:

“Niyə də olmasın? Sağlam və formada olsam, daha çox oynamaq istərdim”.

Xatırladaq ki, Filip Ozobiç 2021-ci ildən Azərbaycan yığmasının formasını geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: