Filip Yorgensen “Çelsi”ni Fransa klubuna dəyişdi

İngiltərənin “Çelsi” klubunun danimarkalı qapıçısı Filip Yorgensen bundan sonra “Strasburq”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Liqa 1 təmsilçisi 24 yaşlı qolkiperi bir mövsümlük icarəyə götürüb. Yorgensen 2027-ci ilin 30 iyununadək “Strasburq”da çıxış edəcək. Fransa klubunun onu birdəfəlik satın almaq hüququ olmayacaq.

“Malmö”nün yetirməsi olan Filip Yorgensen peşəkar karyerasına “Vilyarreal”da başlayıb. O, “Çelsi”yə 2024-cü ilin yayında 24,5 milyon avro müqabilində məhz İspaniya klubundan keçib. Filipin “zadəganlar”la 2031-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

Yorgensen ötən mövsüm London təmsilçisinin heyətində 12 oyuna çıxıb və 17 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.

Yorgensen İsveçdə dünyaya göz açmasına, bu ölkənin U-16 və U-17 yığmalarında oynamasına baxmayaraq, 2021-ci ildə Danimarkanın U-21 yığmasında, 2025-ci ildə isə əsas millidə forma geyinməyə başlayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı qolkiperin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: