Avstriyanın “Zalsburq” klubunun alman əsilli isveçrəli qapıçısı Filipp Kön Fransanın “Monako” komandasına transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Knyazlıq klubu bu transfer üçün “Zalsburq”a 10 milyon avro ödəyib. 25 yaşlı qapıçı ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Filipp Kön Almaniyada dünyaya göz açıb, “Duysburq”, “Şalke”, “Ştutqart” və “Leypsiq” kimi klubların akademiyasında forma geyinib. O, peşəkar karyerasına 2018-ci ildə “Liferinq”də başlayıb. 2019-cu ildə isə qapıçı Avstriyanın digər klubu “Zalsburq”a keçib. O, bu klubda olarkən bir mövsüm İsveçrənin “Vil” klubunda icarədə də olub. Qolkiper “Zalsburq”da bütövlükdə 83 oyuna çıxıb, 68 qol buraxıb. Onun hesabında 35 “quru” oyun da var. Kön Almaniyanın U-15, U-16, U-17 və U-18 yığmalarında oynamasına baxmayaraq, sonradan İsveçrə vətəndaşlığını alıb və bu ölkənin U-19, U-20 və U-21 millilərində forma geyinib. Amma qapıçıya əsas millidə debüt şansı yaradılmayıb.
“Monako” öz futbolçusu Jan Marselinlə də yollarını ayırıb. 23 yaşlı müdafiəçi “Bordo”ya keçib. O, yeni klubu il 4 illik müqavilə bağlayıb.
Jan Marselin “Oser”in yetirməsidir. O, 2020-ci ildən “Monako”da olsa da, bu klubun əsas komandasında debüt şansı qazanmayıb. Bu üzdən də müdafiəçi iki mövsüm “Brügge”də icarədə oynamaq məcburiyyətində qalıb.