Filipp Lam Yulian Nagelsmanın yığmadakı qazancından narazıdır

“Bayern”in və Almaniya yığmasının sabiq futbolçusu Filipp Lam “bundestim”in yeni baş məşqçisi Yulian Nagelsmanın maaşından danışıb.

Arena.az məlumat verir ki, Lam bu barədə özünün “The Guardian”dakı köşəsində yazıb:

“Deyirlər ki, Flik Almaniya yığmasını çalışdırarkən ildə 6,5 milyon avro qazanırdı. Şayiələrə görə, Nagelsmanın maaşı eyni iş üçün illik 4,8 milyon avro təşkil edir. Bu, səhvdir, çox puldur. Alman Futbol İttifaqı yüksək maaşlarla barışmamalıdır. İldə 2 milyon avrodan çox olmayan məbləğ təyin edilməlidir.

İl ərzində cəmi 10-15 beynəlxalq oyun keçirilir. Yüksək səviyyəli klublar üç-dörd dəfə çox oyun keçirirlər. Yığmaların oyunları arasındakı fasilədə məşqçi dörd, hətta altı həftə ardıcıl olaraq ehtiyat oyunçular skamyasında olmur”, – Filipp Lam müvafiq məsələyə baxışını açıqlayıb.

Xatırladaq ki, “Bayern”in sabiq çalışdırıcısı Yulian Nagelsman ötən ayın 22-də Almaniya yığma komandasının yeni baş məşqçisi təyin edilib. 36 yaşlı mütəxəssisin müqavilə müddəti 2024-cü ilin iyul ayının sonuna qədər qüvvədə olacaq. Nagelsman “bundestim”in sükanı arxasında sentyabrın 10-da istefaya göndərilmiş Hans-Diter Fliki əvəzləyib.

Futbol məşqçiliyi etibarı ilə gənc sayılan Yulian Nagelsman 2021-ci ilin iyulundan 2023-cü ilin martına qədər “Bayern”i çalışdırıb. Almaniya nəhəngi Nagelsmanın rəhbərliyi altında Bundesliqanı (2021/2022) və 2 dəfə Almaniya Super Kubokunu (2021, 2022) qazanıb. Münhenlilərə qədər gənc mütəxəssis “Hoffenhaym” (2016–2019) və “Leypsiq”i (2019–2021) çalışdırıb və “qırmızı öküzlər”lə Almaniya Kubokunun finalçısı (2020/2021) olub.

Almaniya Futbol İttifaqı Nagelsmanın qarşısına ümdə vəzifə – “bundestim”i düçar olduğu böhrandan çıxarmaq, alman futbol ənənələrinə sadiq döyüşkən komandaya çevirərək, 2024-cü il iyununda Almaniyada keçiriləcək Avropa çempionatına hazırlamaq tapşırığı qoyub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: