Florentino Luis 18,7 milyon avroya “İpsviç Taun”a keçdi

“Börnli”nin dayaq yarımmüdafiəçisi Florentino Luis bundan sonra İngiltərənin digər klubu “İpsviç Taun”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

Futbolçu tibbi müayinədən uğurla keçib və yeni klubu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş uzunmüddətli müqavilə imzalayıb. “İpsviç Taun” bu transfer üçün “Börnli”yə 18,7 milyon avro ödəyib.

Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi Lissabon “Benfika”sının yetirməsidir və peşəkar karyerasına da bu klubda başlayıb. Daha sonra o, icarə əsasında Fransanın “Monako” və İspaniyanın “Xetafe” klublarında çıxış edib.

Florentino Luis 2025-ci ilin sentyabrında icarə əsasında “Börnli”nin heyətinə qoşulub. 2026-cı ilin iyununda isə “klaretlər” futbolçunun transfer hüquqlarını tam şəkildə alaraq onunla daimi müqavilə imzalayıblar.

Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Florentinoya əsas millidə debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: