Florian Virts – Bundesliqada dekabr ayının ən yaxşı oyunçusu!

Leverkuzen “Bayer”inin alman hücumameylli yarımmüdafiəçisi Florian Virts 2023-cü ilin dekabr ayında Bundesliqanın ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Bundesliqanın rəsmi saytına istinadən məlumat verir.

Dekabr ayında Virts Bundesliqa çərçivəsində meydana çıxdığı 4 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Mükafat uğrunda mübarizədə Virts “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyni və “Leypsiq”in iki oyunçusunu – belçikalı mərkəz hücumçusu Lua Opendanı və holland sağ vinger Xavi Simonsu üstələyib.

Vurğulayaq ki, bu, cari mövsümdə Virtsin Bundesliqada ikinci müvafiq mükafatıdır. Florian ötən ilin oktyabrında da ayın oyunçusu mükafatını qazanmışdı.

Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsemdə Virts “əczaçılar”ın heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 8 qol vurub, 12 məhsuldar ötürmə verib. O, bu komandada bütövlükdə 127 oyun keçirib, 31 qol vurub, 42 məhsuldar ötürmə müəllifi olub.

Florian Virts 2021-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 14 oyuna çıxıb, 4 məhsuldar ötürmə verib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı alman hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Virts Avropa nəhənglərinin diqqət mərkəzindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: