Bundesliqanın 23-cü turunda evdə “Maynts”a qarşı oyun (2:1) “Bayer”in alman hücumameylli yarımmüdafiəçisi Florian Virts üçün əlamətdar olub.
Arena.az “One Football” dərgisinə istinadən məlumat verir ki, bu oyunda Virts Bundesliqa tarixində 100-cü dəfə meydana çıxıb.
Beləliklə Virts müvafiq nəticəyə nail olmuş 4-cü ən gənc oyunçu olub.
Virts “Maynts”a qarşı oyuna “Bayer”in əsas heyətində çıxıb və 20 yaş 296 günlüyündə olub. Yalnız 3 futbolçu – Kay Haverts, Timo Verner və Yulian Draksler Bundesliqada 100 oyun həddinə Virtsdən daha gənc ikən çatıdblar.
Həmçinin əlavə edək ki, Virts Bundesliqada qol və məhsuldar ötürmə cəmi üzrə 50 xal toplayıb. Gənc yarımmüdafiəçinin hesabında 19 qol və 31 məhsuldar ötürmə var. Yalnız iki oyunçu Virtsdən daha gənc ikən müvafiq nailiyyətə imza atıb – Ceydon Sanço və Kay Haverts.
Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsemdə Virts “əczaçılar”ın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 8 qol vurub, qeyd etdiyimiz kimi, 17 məhsuldar ötürmə verib. Ümumilikdə Frorian “əczaçılar”ın heyətində 134 oyun keçirib, 31 qol vurub, 47 məhsuldar ötürmə müəllifi olub.
Florian Virts 2021-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 14 oyuna çıxıb, 4 məhsuldar ötürmə verib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı alman hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Virts Avropa nəhənglərinin diqqət mərkəzindədir.
Xatırladaq ki, “Bayer” Avropa Liqasının Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Bu komandalar arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.
Bu komandalar Avroa Liqasının cari mövümünün qrup mərhələsində də bir-birinə rəqib olmuşdular. Azərbaycan çempionu Bundesliqanın liderinə səfərdə 1:5, evdə isə 0:1 hesabıyla uduzmuşdu.


