Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona UEFA Millətlər Liqasında Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan danışıb.
Arena.az xəbər verir ki, millimiz UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində sabah – sentyabrın 8-də Koşitse Futbol Arenasında Slovakiya yığmasının qonağı olacaq.
Bu oyundan öncə Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona jurnalistlər önünə çıxıb. İtaliyalı mütəxəssis millimizlə matç barədə bunları dilə gətirib:
“Ötən mövsüm UEFA Millətlər Liqasını bizdən öndə başa vuran güclü rəqiblə qarşılaşacağıq. Biz 100 faiz diqqətimizi cəmləyib əlimizdən gələni etməliyik. Azərbaycan sürətli hücum etmək bacarığına malik olan güclü rəqibdir. Onlar topu qazandıqdan sonra çox təhlükəlidirlər, ona görə də diqqətli olmalıyıq. Oxşar hadisə iki il əvvəl də olmuşdu”.
Rəqibimizin baş məşqçisi Azərbaycan millisinin İsveçə 1:3 hesabla uduzduğu oyundan da danışıb: “Azərbaycanlı futbolçular penaltini və ya digər fürsətləri dəyəndirsəydilər, tamam başqa oyun ola bilərdi. Yaddan çıxarmayaq ki, Azərbaycan millisində yüksək keyfiyyətli oyunçular var. Biz həmişə qalib gəlmək üçün oynamalıyıq və bu, keyfiyyətli oyuna əsaslanmalıdır. Azərbaycan çox qol vurmur, bizim üçün də asan olmayacaq”.
Kalsona Azərbaycan yığmasına 2022-ci ildə uduzduqları oyundan da söz açıb: “Həmin oyun komanda ilə ilk matçlarımdan idi. Hələ komanda quruculuğunun əvvəlində idik. Oyunun gedişatını çox yaxşı xatırlayıram. Bu dəfə Koşitsedə tamam ayrı oyun olacaq. Biz buna ciddi yanaşmalıyıq, çünki Avropa futbolu yeni səviyyəyə çıxır. Biz taktiki və əqli cəhətdən xeyli inkişaf etmişik. Amma biz daha yaxşı olmalıyıq, çünki digər komandalar da inkişaf edir. Biz nail olduğumuzdan tam razı qalsaq, digərləri bizi gəlib keçəcəklər”.
Qeyd edək ki, sabah keçiriləcək Slovakiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


