AFFA-da beynəlxalq hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edən belçikalı Frank De Blekere postundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə vurğulanır ki, belçikalı keçmiş FIFA referisinin Azərbaycandakı fəaliyyəti başa çatıb.
2024-cü ilin iyul ayında Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunmuş De Blekere 2025-ci ilin noyabrından etibarən AFFA-da beynəlxalq hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edirdi.
O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrəsini verib. 2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsi bunun ən bariz nümunələrindən biridir. Bu nailiyyət ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda təcrübəli mütəxəssisin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsidir.
Frank De Blekere karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.
AFFA Frank De Blekereyə Azərbaycan futboluna verdiyi töhfəyə görə təşəkkür edib, yeni fəaliyyətində uğurlar arzulayıb.


