Frank Kessye “Barselona”nı “Əl-Əhli”yə dəyişdi

Futbol üzrə Kot d’İvuar yığmasının və İspaniyanın “Barselona” klubunun mərkəz yarımmüdafiəçisi Frank Kessye “Əl-Əhli”yə keçib.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı futbolçunu 12,5 milyon avroya satıb.

Kessye Səudiyyə Ərəbistanı klubu ilə 3 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Frank Kessye “Barselona”ya ötən ilin iyul ayında “Milan”dan azad agent kimi keçmişdi. 2022/2023 mövsümündə yarımmüdafiəçi bu komandanın heyətində 43 oyuna çıxıb, 3 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.

Kessye “Milan” və “Barselona”dan başqa, “Çezena” və “Atalanta”nın da formasını geyinib. O, Kot d’İvuar yığmasının heyətində 63 oyun keçirib, 8 qol vurub.

“Barselona”nın sağ cinah müdafiəçisi Xulian Arauxo da “Las Palmas”a keçib. ABŞ və Meksika vətəndaşlığına malik 21 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi “Las Palmas”da icarədə oynayacaq. İspaniya nəhənginə bu ilin yanvarında “Los Anceles Qalaksi”dən transfer olunmuş Arauxo, bu klubun əsas komandasında debüt şansı qazanmayıb. O, ABŞ yığmasında 1 oyun keçirdikdən sonra 2021-ci ildə Meksika millisini seçib və bu komandada indiyə qədər 10 oyuna çıxıb.

Yeri gəlmişkən, “Las Palmas” “Kartaxena”nın qapıçısı Aaron Eskandeli də heyətinə qatıb. 400 min avro müqabilində “Las Palmas”a keçən 27 yaşlı ispan qolkiper 2 illik müqaviləyə imza atıb. “Malaqa” və “Qranada”da da oynamış qapıçı ötən ildən “Kartaxena”da çıxış edirdi.

“Las Palmas”ın hücumçusu Florin Andone isə azad agent kimi “Eldense”yə keçib. 30 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, 2022-ci ilin sentyabrından formasını geyindiyi “Las Palmas”da 20 oyuna 2 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: