19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçirilən MDB Oyunlarında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, İlqar Aslanovun çalışdırdığı yığmamız üçüncü sınağında Özbəkistandan olan həmyaşıdları ilə qarşılaşıb.
Matç rəqibin 9:1 hesablı qələbəsi ilə başa çatıb. U-19-un yeganə qolunu Bəyoğlan Vəlizadə vurub.
Özbəkistanla oyunda millinin heyətində bu futzalçılar yer alıb: 12. Sadiq Əlizadə, 10 Fərid Abbasov (k), 5. İlham Əliyev, 3. Qüdrət Qasımzadə, 7. Şahbaz Həmdəmli, 1. Əli Quliyev, 14. Kərim Babayev, 2. Rüfət Məmmədli, 12. Sunay Həsənov, 11. Orxan Babayev, 9. Nüsrət Fərzəli, 6. Ayxan Məmmədli, 8. Bəyoğlan Vəlizadə, 4. Elşən Mahmudov.
Baş məşqçi: İlqar Aslanov.
Millimiz turnirdə son oyununu avqustun 11-də Rusiya futzalçılarına qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Belarusa da 1:7 hesabıyla uduzmuşdu. Ötən gün baş tutan Qırğızıstanla görüş isə 2:5 hesablı məğlubiyyətlə başa çatmışdı.


