Futzal üzrə Azərbaycan millisi bu gün Zlin şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Çexiya yığması ikinci yoxlama matçına çıxıb.
Arena.az xəbər verir ki, bu komandalar arasında ötən gün baş tutan ilk matçda meydan sahibləri qələbə qazanmışdılar – 3:0.
Bugünkü görüşdə də yığmamız məğlubiyyətə üzülüb. Baş məşqçi Vitali Borisov ikinci oyuna fərqli heyəti buraxıb. Qapını bu dəfə Kamran Hacıyev qoruyub. Ötən oyunda debüt edən Fərid Abbasov isə bu dəfə “ilk dördlük”də meydana çıxıb. Dünənki matçda komandamızın ən yaxşısı seçilən Ülvi Əliyev 26-cı saniyədə rəqib qapıçının səhvindən maksimum yararlanıb və hesabı açıb. Düzdür, rəqib ardıcıl 2 qol vurmaqla hesabı lehinə dəyişsə də, Əliyev 6-cı dəqiqədə rəqib qapıçının çərçivəni “itirməsi”ndən məharətlə istifadə edib, o, uzaq məsafədən rəqib torunu növbəti dəfə silkələyib. Birinci hissə bu hesabla yekunlaşıb – 2:2.
İkinci hissədə qapının təhlükəsizliyi Vladik Reznova tapşırılıb. Yeri gəlmişkən, qolkiper millidə ilk oyununa çıxıb. Fasilədən sonra daha fəal olan meydan sahibləri hesabı xeyrinə dəyişməklə bərabər üstünlüyü də artırıblar. Yekunda futzal millimiz 2:6 hesablı məğlubiyyətə üzülüb.
Yoxlama oyunu
20 sentyabr
Çexiya – Azərbaycan 6:2
Qollar: David Drozd, 1:16; 27:30; 21:17. Tomaş Kuxta, 2:07. Pavel Drozd, 20:45. Radim Zaruba, 23:17 – Ülvi Əliyev, 0:26; 5:36.
Çexiya: 12. Adam Vondraçek, 5. Pavel Drozd, 6. Tomaş Kuxta, 9. Tomaş Koudelka, 11. David Drozd, 1. Mixal Hula, 2. Duşan Kunstner, 3. Matey Maur, 4. Radim Zaruba, 8. Filip Havrda, 10. Mixal Seidler (k), 13. Mixal Holi, 14. Dominik Baloq, 18. Adam Knoblox.
Baş məşqçi: Marek Kopeçki.
Azərbaycan: 12. Kamran Hacıyev, 7. Xəzər Ağalızadə, 8. Murad Quluzadə, 10. Fərid Abbasov, 14. Ülvi Əliyev, 1. Emin Kürdov (k), 19. Vladislav Reznov, 2. İlham Alıyev, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 17. Oqtay Rüstəmli, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Vitali Borisov.


