Futzal yığmamız üçün Polşa sınağı – Son oyun da zəfərlə bitəcək?

Futzal üzrə Azərbaycan milli komandası bu gün DÇ-2024-ün əsas mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək. Arena.az xəbər verir ki, Joze Alesio da Silvanın çalışdırdığı komandamız səfərdə Polşa yığması ilə üz-üzə gələcək.

Koşalin şəhərindəki idman zalında baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Oyunu Estoniya və Latviyadan olan hakimlər idarə edəcək.

Qeyd edək ki, bu görüş qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır. Bu komandalar arasında ötən il Bakıda keçirilmiş oyunda millimiz 4:3 hesablı qələbəyə sevinmişdi. Futzal yığmamız bir neçə gün öncə Yunanıstanı doğma meydanda 5:2 hesabıyla məğlub edərək elit-raunda vəsiqəni təmin etsə də, Polşaya son oyunda qalib gələrək növbəti mərhələyə maksimum nəticə ilə yollanmağı hədəfləyib. Bu matçda qələbə və heç-heçədən başqa, minimalhesablı yenilgi də komandamızı qane edəcək.

Rəqib üçün düşərli arena

Polşa millisi indiyə qədər Koşalin idman zalında 4 oyun keçirib. Bunlardan üçü yoldaşlıq matçı olub. Rəqibimiz həmin arenada 2017-ci ildə Belarus və Fransa, 2 il sonra isə Braziliya ilə qarşılaşıb. Polşalılar üçün bu arenada keçirilmiş ən yaddaqalan matç AÇ-2018-in pley-off görüşü olub. Macarıstanla qarşılaşan və 6:4 hesabı ilə qələbə qazanan rəqibimiz 17 illlik fasilədən sonra Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

1971-ci ildə istifadəyə verilmiş arena sonralar bir neçə dəfə təmir olunub. Standartlara tam cavab verən idman qurğusunun tutumu 3000 nəfərdir.

Statistika nə deyir?

Azərbaycan millisi Polşa yığması ilə indiyə qədər 4 rəsmi matçda üz-üzə gəlib. Bu oyunlardan birində Polşa, qalan üçündə isə yığmamız qələbəyə sevinib.

AÇ-96 (seçmə mərhələ – Niderland)
23.10.1995. Azərbaycan – Polşa 6:4

DÇ-04 (seçmə mərhələ – Kipr)
05.11.2003. Azərbaycan – Polşa 1:6

AÇ-10 (seçmə mərhələ – Portuqaliya)
20.03.2009. Azərbaycan – Polşa 4:3

DÇ-24 (əsas mərhələ – Azərbaycan)
07.11.2022 Azərbaycan – Polşa 4:3

DÇ-2024-ün əsas mərhələsi
6-cı qrup
7 mart

23:00. Polşa – Azərbaycan
Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya).
Hakim-inspektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Joao Roça (Portuqaliya).
Koşalin idman zalı. Saat 23:00.

Son oyun ərəfəsində 6-cı qrupda turnir vəziyyəti belədir:

  1. Azərbaycan – 3 oyun, 3 qələbə (top fərqi 16-5) – 9 xal
  2. Polşa – 3 oyun, 2 qələbə (top fərqi 10-5) – 6 xal
  3. Yunanıstan – 4 oyun, 4 məğlubiyyət (top fərqi 3-19) – 0 xal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: